AZ

Prezidentin Xocalıda çıxışı siyasi manifest təsiri bağışladı ŞƏRH

Bakı, 27 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Xocalıda Memorial Kompleksin açılışında nitqi müasir Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birinə siyasi-hüquqi qiymətin, eyni zamanda, son illərdə baş vermiş köklü geosiyasi dəyişikliklərin məntiqi yekunu idi. Prezidentin çıxışı faktlara söykənən, ardıcıl qurulmuş və emosional yükü yüksək olan bir siyasi manifest təsiri bağışladı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, dövlətimizin başçısı nitqində 1992-ci ilin fevralında baş vermiş Xocalı hadisələrini Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi xarakterizə etdi və məsuliyyətin birbaşa rəsmi İrəvanın üzərində olduğunu vurğuladı. Rəsmi statistikaya əsasən, bir gecədə 600-dən çox mülki şəxs qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq olub, 150 nəfər isə itkin düşüb. Prezident bu rəqəmləri sadalamaqla faciənin miqyasını konkret faktlar üzərindən xatırlatdı və hadisənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı cinayət olduğunu bildirdi.

Müsahimimiz vurğulayıb ki, çıxışın mühüm istiqamətlərindən biri beynəlxalq müstəvidə aparılan informasiya və hüquqi mübarizə idi. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının rolu qeyd edildi. Leyla Əliyevanın rəhbərliyi ilə son iyirmi il ərzində müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, nəşrlər və təqdimatlar nəticəsində bir sıra dövlətlərin Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verdiyi vurğulandı. Prezidentin sözlərinə görə, əgər Azərbaycan tərəfi ardıcıl və sistemli fəaliyyət göstərməsəydi, beynəlxalq informasiya məkanında həqiqətlərin təhrif olunması riski böyük idi.

“Nitqin əsas ideya xətti isə “ədaləti biz özümüz təmin etdik” tezisi ətrafında qurulmuşdu. Prezident 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsini və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatını Xocalı da daxil olmaqla işğal altında olmuş ərazilərin azad olunmasının və dövlət suverenliyinin tam bərpasının həlledici mərhələləri kimi təqdim etdi. Onun fikrincə, uzun illər aparılan diplomatik fəaliyyət, iqtisadi güclənmə, müasir ordu quruculuğu və beynəlxalq hüquqi əsasların formalaşdırılması nəticə etibarilə hərbi qələbəni mümkün etdi.

Prezident çıxışında qeyd etdi ki, 44 gün ərzində düşmən məğlub edildi və kapitulyasiya aktına imza atdı. Bununla belə, o, 2023-cü ildə bir neçə saat davam edən antiterror əməliyyatını da xüsusi vurğuladı və bununla, ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpa olunduğunu bildirdi. Bu kontekstdə müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması ədalətin tamamlanması kimi təqdim edildi”, - deyə depuatat qeyd edib.

Onun sözlərinə görə, memorialın məhz Xocalıda inşa olunması faktı çıxışın simvolik zirvəsi idi. Prezident xatırlatdı ki, layihə uzun müddət əvvəl hazırlanmış, hətta Bakıda yer də seçilmişdi. Lakin son qərar Xocalının azad olunacağına olan inamla bağlı idi. Bu detal nitqə emosional çalar qatmaqla yanaşı, siyasi mesaj da verirdi: yaddaş öz coğrafi məkanına qaytarılıb.

E.Akimova qeyd edib ki, nitqin ümumi ruhu güclü dövlət konsepsiyasına söykənirdi. Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan artıq 1990-cı illərin əvvəllərindəki zəif dövlət deyil. Güclü iqtisadiyyat, müasir silahlarla təchiz olunmuş ordu və müstəqil siyasi iradə bu gün ölkənin əsas dayaqlarıdır. Onun fikrincə, məhz bu güc faktoru regionda sülhün real təminatıdır.

“Xocalı Memorial Kompleksinin açılışı beləliklə, təkcə keçmişin yad edilməsi deyil, həm də yeni siyasi reallığın təsdiqi kimi təqdim olundu. Çıxış göstərdi ki, Azərbaycan hakimiyyəti üçün Xocalı mövzusu yalnız tarixi faciə deyil, həm də dövlətçilik, suverenlik və milli həmrəylik ideologiyasının mühüm sütunudur. Yaddaşın qorunması, ədalətin təmin olunması və güclü dövlət xəttinin davam etdirilməsi bu nitqin əsas mesajları kimi səsləndi.

Xocalıda ucaldılan memorial daşdan və betondan ibarət tikili olmaqdan daha artıq məna daşıyır. O, həm faciənin unudulmaması üçün bir and yeridir, həm də dövlət iradəsinin, siyasi qətiyyətin və tarixi yaddaşın maddi ifadəsidir. Prezidentin çıxışı isə bu məkanı siyasi-mənəvi manifest səviyyəsinə yüksəldən ideoloji çərçivəni formalaşdırdı”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Seçilən
0
6
azertag.az

7Mənbələr