AZ

Qəhrəmanları tanıdan balaca ürəklər, böyük qəlblər - FOTOLAR

26 fevral Xocalı faciəsi ilə bağlı ölkə üzrə silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində müxtəlif təhsil ocaqlarında anım mərasimləri, ədəbi-bədii kompozisiyalar və maarifləndirici görüşlər keçirilir.

SİA xəbər verir ki, silsilə tədbirlər sırasında Hədəf Şirkətlər Qrupunun və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bir şəhidin kitabı” adlı esse-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olundu.
Tədbirin 26 Fevral Xocalı soyqırımı günü keçirilməsi heç də təsadüfi deyildi. Bu tədbir, eyni zamanda, şagirdlərin həmin faciəni bir daha xatırlaması və onun yaddaşlardan silinməməsi məqsədilə təşkil olunmuşdu.
Tədbirdə Vətən uğrunda həyatını itirmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi və Dövlət himni səsləndirildi.
Çıxış edən Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov və Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova bildirdi ki, layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliği, şəhidlərin həyat yolunun araşdırılması və onların xatirəsinin yaşadılmasıdır. Həmçinin qeyd olundu ki, layihə artıq bir neçə ildir davam edir və məktəblilərin yazı bacarıqlarının, araşdırma vərdişlərinin inkişafına müsbət təsir göstərir. Bu il müsabiqəyə ümumilikdə 75 şagird qatılıb, onlardan 60 nəfəri Abşeron rayon məktəblərini təmsil edib. Şagirdlərin yazıları əsasında kitablar nəşr olunub, eyni zamanda elektron variantlar hazırlanıb.
Tədbirdə İlqar Yusifov adına Görədil tam orta məktəbin dörd şagirdi iştirak edib və hər biri yüksək nəticələr göstərib. Həsənzadə Xaqan, Əliyeva Aysun və Hüseynov Yusif fərqlənmə sertifikatı ilə təltif olunublar. Həsənzadə Selcanxatun isə müsabiqədə üçüncü yerə layiq görülüb. Mükafatlandırılan şagirdlərdən ikisi dördüncü sinif şagirdidir və eyni sinifdə təhsil alırlar.
Qeyd etmək lazımdır ki, həmin iki şagird Abbasova Pərvanə müəllimənin sinfində oxuyur. Bir sinifdən iki şagirdin eyni müsabiqədə uğur qazanması tədrisin səmərəliliyinin və şagirdlərlə aparılan işin göstəricisi kimi qiymətləndirilə bilər. Pərvanə müəllimə ibtidai sinif müəllimi kimi şagirdlərin oxu bacarıqlarının formalaşdırılmasına, yazı vərdişlərinin inkişafına və sərbəst fikir ifadəsinə xüsusi diqqət yetirir və həvəsləndirir.
İlqar Yusifov adına
Görədil tam orta məktəb rayon və respublika səviyyəli müxtəlif müsabiqə və olimpiadalarda daim iştirak edir və mütəmadi olaraq uğurlar qazanır. Məktəbdə şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün sistemli iş aparılır.
Məktəbin direktoru Rəmziyyə Heydərova şagirdlərin layihə və müsabiqələrə cəlb olunmasına dəstək göstərir, onların inkişafı üçün zəruri şəraitin yaradılmasına xüsusi diqqət ayırır. Rəmziyyə müəllimə tədris prosesi ilə yanaşı, məktəbdə dərsdənkənar fəaliyyətlərin təşkilini də diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, ibtidai sinif şagirdi Həsənzadə Xaqan şəhid Abdulla Əhmədov, Həsənzadə Selcanxatunisə Taylan Rzayev haqqında yazı ilə müsabiqəyə qatılıb və uğurlu nəticə əldə ediblər.
Şagirdlər öz yazılarında bu iki şəhidin qısa, lakin şərəfli həyat yolunu bacardıqları qədər işıqlandırmış, onların vətənə bağlılığını, qorxmazlığını və göstərdikləri şücaəti səmimi ifadələrlə əks etdiriblər. Uşaq qəlbinin duyumu ilə qələmə alınan bu yazılarda şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram hissi aydın şəkildə hiss olunur. Məhz bu səmimiyyət və məsuliyyət onların müsabiqədə nəticə əldə etməsinə səbəb olub..
Balaca ürəklərin gördüyü bu böyük və məsuliyyətli iş, onların
ehtiramla yazdığı bu sətirlər həm vətənpərvərlik ruhunu əks etdirdi, həm də müsabiqədə layiqli nəticə qazanaraq müəllim və məktəb kollektivi üçün qürur mənbəyinə çevrildi.
Belə tədbirlərin keçirilməsi gənc nəslin tarixi həqiqətləri unutmaması və milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Seçilən
1
1
sia.az

2Mənbələr