AZ

“Yeni Azərbaycan Partiyası zərurətdən yaranaraq ümumxalq iradəsini ifadə etdi” - Tural Gəncəliyev

Bu gün Yeni Azərbaycan Partiyasının tarixi faktiki olaraq müstəqil Azərbaycanın tarixi ilə eyni vaxtda təsəvvür olunur. Bu yol hər birimiz üçün şərəfli və qürurverici bir yoldur.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, təmsil etdikləri siyasi partiyanın fəaliyyəti xalqın rifahının təmin olunması, Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpası və qorunması istiqamətində atılan addımlarla səciyyələnir: “Bu fəaliyyət hər birimiz üçün qürur mənbəyidir”.

Tural Gəncəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası zərurətdən yaranmış siyasi təşkilatdır: “Azərbaycan müstəqillik yolunda çox çətin, ağır, eyni zamanda şərəfli bir mərhələdən keçib. Həmin dövrdə ölkədə xaos, özbaşınalıq və anarxiya hökm sürürdü. Sovetlər Birliyi dağılmaq üzrə idi, birpartiyalı sistem faktiki olaraq süquta uğramışdı. Belə bir şəraitdə siyasi cəhətdən fəal əhalinin hansı siyasi qüvvə ətrafında birləşəcəyi olduqca vacib məsələ idi”.

Deputat vurğulayıb ki, o dövrdə mövcud olan hərəkat və partiyaların əksəriyyəti möhkəm sosial-siyasi dayaqlara malik olmadığından uzunömürlü olmadı: “Yeni Azərbaycan Partiyası isə ayrı-ayrı insanların eyni ideyalar ətrafında birləşərək ortaq gücə çevrildiyi siyasi təşkilat kimi formalaşdı”.

Onun sözlərinə görə, “partiya” anlayışı latın mənşəli olub bir ideya ətrafında birləşmək anlamını daşıyır: “Ulu öndər Heydər Əliyev planetar miqyaslı siyasətçi kimi belə bir siyasi partiyanın yaranmasının zəruriliyini düzgün qiymətləndirdi və qısa zaman kəsiyində ölkənin bütün bölgələrini əhatə edən geniş elektorat formalaşdı”.

Tural Gəncəliyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası xalq partiyası kimi xarakterizə olunur: “Xalqın böyük əksəriyyəti bu siyasi qüvvənin arxasınca getdi, ona etimad göstərdi. Məhz həmin etimadın nəticəsində bu gün əldə olunan bütün uğurların təməli qoyuldu. Artıq danılmaz bir reallıq var və bu reallıq həmin tarixi qərarların düzgünlüyünü sübut edir”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
10
1
sia.az

2Mənbələr