Dövlət qulluğuna qəbul prosesində sistemli problemlərin mövcudluğu yenidən parlament müzakirələrinin predmetinə çevrilib. Gənclər imtahan mərhələsini uğurla başa vuraraq sertifikat əldə etsələr və ehtiyat kadr siyahısına daxil olsalar da, son nəticədə işlə təmin olunmurlar. Xüsusilə müsahibə mərhələsində onların hüquqlarının pozulduğu iddia edilir.
Hafta.az xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı gündəmə gətirilib.
Çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. O, qeyd edib ki, gənclərimiz imtahandan keçərək sertifikatlar əldə edir, ehtiyat kadr siyahısına daxil edilirlər. Lakin müsahibə mərhələsində onların hüquqları pozulur və nəticədə işlə təmin olunmurlar.
Deputat ali təhsil müəssisələrində də narazılıqların olduğunu diqqətə çatdırıb:
"Bəzi tələbələr imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldıldığını və bu səbəbdən əlaçı təqaüdü almaqda çətinlik çəkdiklərini bildirirlər. Bu faktı şəxsən yoxlamaq imkanım olmadı. Lakin tələbələrin hüquqlarının qorunması üçün müvafiq addımlar atılmalıdır. Məsələ diqqətdə saxlanılmalıdır.”
N.Həmzəyev eyni zamanda informasiya təhlükəsizliyi sahəsində artan risklərə də toxunub. O qeyd edib ki, dezinformasiya və böhtan xarakterli məlumatların yayılması günü-gündən genişlənir və vətəndaşlar bu halların qarşısını almaqda çətinlik çəkirlər:
“Təəssüf ki, dezinformasiyaya qarşı effektiv mexanizm mövcud deyil. Hətta vətəndaşlar müraciət etdikdə belə, aidiyyəti qurumlar bir çox hallarda məsələyə yetərincə ciddi yanaşmırlar.”
Müzakirələr göstərir ki, həm dövlət qulluğuna qəbul prosesi, həm də təhsil və informasiya mühiti ilə bağlı narahatlıqlar qanunvericilik səviyyəsində daha sistemli yanaşma tələb edir.
Tahirə Qafarlı