AZ

Xocalı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhununun timsalıdır MƏQALƏ

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 34 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımız, o cümlədən doğma Xocalımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər, eyni zamanda, Xocalı qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin qisasının alındığını bütün dünyaya nümayiş etdirdi. Soyqırımı cinayətlərində iştirak etmiş bir qrup erməni separatçısının Azərbaycanda məhkəmə qarşısına çıxarılması isə ədalətin bərpasının və dövlət iradəsinin təntənəsidir.

Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.

Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”.

Prezident İlham Əliyevin çıxışı beynəlxalq auditoriya üçün də mühüm mesajlar ehtiva edirdi. Bu çıxış vasitəsilə Azərbaycan bir daha Xocalı faciəsinin unudulmadığını və bu hadisənin tarixi-siyasi qiymətinin dəyişməz qaldığını nümayiş etdirdi.

Eyni zamanda, memorial kompleksin açılışı Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və artıq bu reallıqların geri dönməz xarakter daşıdığını göstərən siyasi akt kimi dəyər qazanır.

Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür.

İsrafil Kərimov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
9
sia.az

10Mənbələr