AZ

Kəlbəcərə qayıdan sakin: Ermənilər məhkəmədə cavab verdi, əsirlikdə çəkdiyim əzablarımın əvəzi çıxdı 

Ağdərədən Kəlbəcərə gedən rus tankı bizi yolda əsir götürdü. Qrupumuz əsasən qadınlardan və yaşlılardan ibarət idi. Ümumilikdə 766 gün əsirlikdə qaldım. Çox ağır günlər yaşamışam. 1995-ci il mayın 8-də Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində əsirlikdən azad olundum. Mən bu günü görmək arzusu ilə yaşamışam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Xasay Cəfərov deyib.

Əsirlikdən sonra müxtəlif bölgələrdə məskunlaşdığını deyən Kəlbəcər sakini qeyd edib ki, ən böyük arzusu məhz doğma yurda qayıtmaq olub.

“Ermənilərin törətdiklərinə görə məhkəmə qarşısında cavab verdiklərini görmüşəm və aldığım yaraların, çəkdiyim əzabların əvəzinin müəyyən mənada çıxdığını hiss etmişəm. İndi Kəlbəcərə gedirəm. Ən böyük arzum ailəmlə birlikdə doğma yurda qayıtmaq idi. Biz hamımız bu arzu ilə yaşamışıq. Nə qədər ömrümüz qalıbsa, Kəlbəcərdə – ailəmizlə bir yerdə yaşamaq istəyirik.

Var olsun Azərbaycan Bayrağı. Var olsun Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyev. Çünki bu gün torpaqlarımızda yenidən Azərbaycan Bayrağı dalğalanır”, - deyə Xasay Cəfərov vurğulayıb.

Seçilən
0
4
azerbaijan-news.az

5Mənbələr