BAKI, 27 fevral. TELEQRAF
Görmə qabiliyyəti məhdud olan şəxslərin sənədləri müstəqil imzalaması üçün "ASAN imza" sistemində səsli interfeys və ekran oxuyucu dəstəyinin yaradılması təklif olunur.
Teleqraf xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib.
Təklifə əsasən, görmə məhdudiyyətli şəxslərin imzasının hüquqi cəhətdən tanınması məqsədilə xüsusi əlçatanlıq mexanizmləri tətbiq edilməlidir.
Bu yenilik tətbiq olunarsa, sənədlərin imzalanması prosesində üçüncü şəxsin iştirakı tələbi aradan qalxacaq və vətəndaşların məxfiliyi qorunacaq.
Həmçinin, Azərbaycanın beynəlxalq inklüzivlik mövqeyinin daha da gücləndirilməsi məqsədilə ölkəmizin Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman - Berlin Bəyannaməsinə qoşulması irəli sürülüb.