AZ

Orta dəhlizin inkişafında Azərbaycanın rolu beynəlxalq səviyyədə qəbul olunur

Hazırda dünyada baş verən qlobal proseslər geosiyasətdə yeni vəziyyətin yaranmasından soraq verir. İllərlə mövcud olmuş beynəlxalq ticarət dəhlizlərinin fəaliyyətində problem yarandığından xüsusən Şərqlə Qərb arasındakı ticarət marşrutlarında ortaya çıxan problemlər dünya ticarətinə mənfi təsir göstərir.

Məlumdur ki, Asiya ilə Avropa arasında mövcud ticarətdə əsas ölkə Çindir. Bu iki qitə arasında olan ticarətin dəyəri trilyon dollardan çoxdur və həmin rəqəm sürətlə artmaqdadır. Tərəflər arasında ticarətin aparılmasında Çin-Sibir və Süveyş kanalı ticarət marşrutları önəmli rol oynayırdı. Amma məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi üzündən birinci yolla ticarət tam dayanıb. Yəməndə husilərin Qırmızı dənizdə yaratdığı problem isə ikinci marşrutun sabitliyini pozub. O üzdən Orta dəhlizə olan maraq artıb və hazırda Şərqlə Qərb arasında yükgöndərən və yük qəbuledənlərin ən çox güvəndiyi məhz bu marşrutdur.

Dünyada yüklərin tez və təhlükəsiz çatdırılmasında önəmli rol oynayan Orta dəhlizə bütün tərəflər maraq göstərir. Lakin bu istiqamətdə keçirilən bütün tədbirlərə ilk növbədə Azərbaycan dəvət olunur. Artıq hamı qəbul edib ki, Azərbaycan bu marşrutda Xəzər dənizinin şərq və qərb sahillərini birləşdirən açar ölkədir və  dənizaşırı yüklər məhz bizim limanlarımız vasitəsilə ötürülür.

Xəbər verildiyi kimi, bu günlər Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyanada keçirilmiş regional dəmir yolu seminarı çərçivəsində baş tutmuş "Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar" adlı sessiyada ADY-nin sədr müavini Arif Ağayev çıxış etmişdir. Sədr müavini Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda təmsil etdiyi qurumun strateji baxışı barədə məlumat vermişdir. O, Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini vurğulamışdır. Sədr müavini həmçinin dayanıqlı Orta dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ADY son illər Orta dəhlizin Azərbaycandan keçən hissəsində tranzit ötürücülüyünün yüksəldilməsi üçün əsaslı işlər görüb, xüsusilə rəqəmsal həllərin tətbiqi sayəsində tranzit müddətlərini azaldıb. Nəticədə şərq-qərb istiqamətində 2025-ci ildə 392 blok-qatarın qəbulu ilə 2024-cü ilin müvafiq göstəricisi 37 faiz üstələnib. Eyni zamanda 2025-ci ildə Bakı limanında konteyner dövriyyəsi rekord vuraraq 100 min TEU-nu keçib. O, bununla yanaşı, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulamışdır.

Bu arada "Fitch Solutions" məlumat açıqlayıb. Bildirilib ki, ABŞ-nin təşəbbüsü ilə formalaşan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) dəhlizi investorların diqqətini cəlb edib. Azərbaycanla bağlı proqnoza gəldikdə təşkilatın  qiymətləndirməsinə görə, Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının ilkin mərhələyə keçməsi və ABŞ-nin regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı gücləndirib. Ermənistan ərazisi üzərindən Azərbaycanı Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika xəritəsində mühüm dəyişiklik yaradacaq. Hesabatda qeyd olunur ki, layihənin əsas hissəsi ABŞ kapitallı strukturlar tərəfindən idarə olunacaq və ödənişli tranzit zonasının inkişafı üçün birgə müəssisə yaradılacaq. ABŞ rəsmiləri əlaqəli layihələrə "milyardlarla dollar" investisiya cəlb oluna biləcəyini bildiriblər.

"Fitch Solutions" hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahəsində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi rolunu gücləndirə bilər. Bu fonda ABŞ ilə iqtisadi və strateji əməkdaşlığın 2026-cı ildə daha da dərinləşəcəyi gözlənilir. Qurumun rəyinə görə, regionda artan investisiya fəallığı həm iqtisadi dinamikanı, həm də geosiyasi balansı yenidən formalaşdıra bilər.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr