AZ

Xocalı soyqırımı – insanlıq tarixinin qanlı səhifəsi Balakəndə silsilə tədbirlərlə anılıb

Şəki, 26 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Balakən rayonunun bütün idarə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində həftə ərzində müxtəlif səpgili tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə rayon rəhbərliyi Balakəndə məskunlaşan Xocalı sakinləri ilə görüşüb. Bildirilib ki, Xocalı soyqırımı insanlıq tarixinin qanlı səhifəsidir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş ağır cinayətdir.

Qeyd olunub ki, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində qazanılan Zəfər sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin suverenliyi tam təmin edilib. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Azərbaycanın Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, bu gün hər bir azərbaycanlı bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin qürurunu yaşayır. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, insanların doğma yurdlarına qayıdışı da tarixi ədalətin bərpasının bariz nümunəsi kimi qeyd edilib.

Saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Balakən rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciənin ildönümü ilə əlaqədar rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.

Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində Yevlax–Zaqatala–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazbinə kəndi ərazisindən keçən hissəsində həmişəyaşıl şam və şabalıd ağacları əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Seçilən
16
1
azertag.az

2Mənbələr