AZ

QÜRUR VƏ ZAMAN- (alleqorik esse)

Təranə Şəms
26.02.2026


QÜRUR VƏ ZAMAN
(alleqorik esse)
Bəzən düşünürəm:
Niyə qürur insanı gah ucaldır, gah da peşman edir?
Peşmanlıq isə bir ömür insanın arxasınca dolaşır. Onun ən ağır yükünü ürək daşıyır.
Ürək qırıldıqda insanın içində qopur, susur, xəstələnir. Çünki şüur bəzən qəlbin və könlün bağçasında açan bir gülə aldanır. O gülün qoxusu bülbülü bihuş edir. Bir gün gül qoxusu ilə sevgisini duyur, bülbül də öz etirafını edir. Beləcə iki ürək bir-birinə yaxınlaşır.
Amma zaman dəyişir.
Payız gəlir. Qış gəlir.
Gül qarın altında donur.
Bülbül susur.
Gül susqunluğu vəfasızlıq sayır. Qüruru sınır, amma sınan qürur içində tikan bitirir.
Yaz gələndə gül yenidən dirçəlir. Qoxusu əvvəlki kimi ətrafa yayılır. Bu qoxunu duyan bülbül geri dönür. Daha gur oxuyur, daha həvəslə yaxınlaşır. Amma gülün tikanları onun gözünü çıxarır.
Bülbül kor olur.
Oxuyur… amma artıq öz gülünü görə bilmir.
Kor bülbül əyilib bağışlanma diləyir. Gül isə sakit, amma sərt səslə cavab verir:
“Gedəndə mənimlə sağollaşsaydın, pis xəyallara düşməzdim. Mən güləm — qoxum var, məni sevən çox idi. Amma mən yalnız səni seçmişdim. Sən isə məni qarın altında qoyub getdin.
Mən dəyişmədim. Dəyişən sən oldun.”
İndi bülbül oxuyur — yanıqlı-yanıqlı. Gül dinləyir. Amma görmək artıq mümkün deyil.
Və gül ilk dəfə düşünür:
Görəsən, qürurum məni qorudu, yoxsa sevdiyimi kor etdi?
Bunu zaman göstərəcək.
*****
Daxili refleksiya
Bu əsəri yazanda hər misra mənim iç dünyamın aynası oldu.
Qürurun sərtliyini, sevginin incəliyini, peşmanlığın ağırlığını həm yaşadım, həm də sözə çevirdim.
Bülbülün korluğu və gülün tikanları mənə göstərdi ki, qürur həm qoruyur, həm də nəticələrə məcbur edir.
Yazdıqca hiss etdim ki, mən artıq yalnız müəllif deyiləm; həm də müşahidəçi və iştirakçiyam.
Qürur və zaman bir-birini tamamlayır — və bu tamamlanma mənim yaradıcılığımın və daxili sükutumun ən güclü ifadəsidir.


Seçilən
16
azia.az

1Mənbələr