AZ

"Gündəlikdə Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən azad edilməsi məsələsi yox idi" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçirilib. 

Qeyd edək ki, bir çox saytlarda iclasda dövlətə xəyanətdə ittiham olunan akademiyanın keçmiş prezidenti Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsinə baxıldığı yazılsa da, bununla bağlı sonradan heç bir məlumat açıqlanmadı.

Həmin toplantıda qonaq kimi iştirak edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, belə ümumi yığıncaqlarda AMEA-nın bir illik fəaliyyət planının hesabatı yer alır.

"Doğrusu, gündəlikdə yalnız hesabatın dinlənilməsi və qiymətləndirilməsi yer alırdı. Orada AMEA-nın keçmiş prezidenti və bu gün dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvü adından məhrum edilməsi məsələsi yox idi. Dəfələrlə bununla bağlı AMEA-ya çağırışlar etmişəm ki, ağır dövlət cinayətlərində adı keçən bir şəxsin AMEA kimi Azərbaycan xalqının şərəfli tarixində yeri olan bir qurumun üzvlüyündə adı keçməsi mümkünsüzdür və Ramiz Mehdiyev kimi bir şəxsin akademiyanın həqiqi üzvlüyündən məhrum edilməsi məsələsinə baxılmalıdır. Gündəliyin müəyyənləşməsi AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında formalaşır. Kənar şəxslərin müdaxiləsi mümkünsüzdür, biz yalnız təşəbbüs və yaxud çağırışlar, müraciətlər edə bilərik. Bilmirəm necə olub, amma mən Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündən azad edilməsi ilə bağlı gündəlikdəki məsələni görmədim və gündəlikdə elə bir məsələ də yox idi", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
16
redaktor.az

1Mənbələr