Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Bakıda I və II dərəcəli məşqçi kursları təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AVF-nin rəsmi saytı məlumat yayıb.
Nəzəri və praktiki hissələrdən ibarət olacaq təlimləri FIVB-nin məşqçi-müəllimi, professor Cengiz Akarçeşme keçəcək.
İmtahandan uğurla keçən iştirakçılara müvafiq dərəcələr üzrə sertifikatlar təqdim olunacaq. 1-ci dərəcəli sertifikat alanlar yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərmək, hər iki mərhələni bitirənlər isə FIVB-nin "Level-1" seminarına qatılmaq hüququ qazanacaqlar.
Qeyd edək ki, 30 mart – 4 aprel tarixlərində 1-ci dərəcə, aprelin 6-10-u aralığında isə 2-ci dərəcə üzrə kurslar baş tutacaq. Ötən il Qəbələ, Sumqayıt və Bakıda analoji təlimlər keçirən AVF gələcəkdə ölkə ərazisində FIVB-nin "Level-1" və "Level-2" kurslarını da təşkil etməyi planlaşdırır.