Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gündəlik həyatımızda alış-veriş zamanı bəzən bizə üstü yazılı pullar da verilir. Ancaq mağazalarda və digər təsərrüfat obyektlərində bəzi hallarda bu pulları götürməkdən imtina edirlər.
Bəs insanlar bu halda nə etməlidir?
Mövzu ilə bağlı Redaktor.az Mərkəzi Banka sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirildi ki, tədavülə yararsız hala düşmüş, üzərində yazı, ləkə və ya digər işarələr qeyd olunmuş pul nişanları ilə qarşılaşmaq mümkündür:
"Bu kimi hallarda pul nişanlarının tədavülə yararlı olub-olmaması məsələsi qüvvədə olan hüquqi aktlarla tənzimlənir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” ilə müəyyən edilmiş yararsızlıq əlamətlərindən - vizual olaraq gözə çarpan yazı, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, ləkə, üzəri yapışqanlı lentlə birləşdirilmiş, eləcə də mühafizə elementlərindən hər hansı biri zədələnmiş və ya aşınmış və s. hər hansı birinə malik olan pul nişanı tədavülə yararsız hesab olunur. Diqqətinizə çatdırırıq ki, sizin təqdim etdiyiniz şəkildə qeyd olunan milli pul nişanı mövcud qaydaların tələblərinə uyğun olaraq (vizual olaraq gözə çarpan yazı olduğuna görə) yararsız pul nişanı kimi qiymətləndirilir. Bu səbəbdən təsərrüfat subyektləri tərəfindən (o cümlədən ticarət obyektlərinin) həmin pul nişanının qəbul edilməməsi qanunvericiliyin tələblərinə uyğundur".
Həmçinin qeyd edildi ki, bu halda vətəndaşlar yuxarıda qeyd olunan Qaydalara uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna müraciət edə bilərlər:
"Müraciət edilən pul nişanı “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın müvafiq tələblərinə uyğun olduğu halda nominal dəyəri ödənilir. Əlavə olaraq bildiririk ki, milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.