Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq. Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.
Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.
Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.