AZ

Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktau şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Hafta.az-ın Azərbaycanın Aktaudakı Baş konsulluğuna istinadla verdiyi məlumata görə, tədbirdə Türkiyənin, Özbəkistanın, Türkmənistanın, İranın Aktaudakı baş konsulları və diplomatları, şəhər rəsmiləri, elm, diaspora və media nümayəndələri iştirak ediblər.

Tədbiri Baş konsul Ayxan Süleymanlı açıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edərək silahsız azərbaycanlılara qarşı soyqırım aktı törətdiyini bildirib.

Ayxan Süleymanlı Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibədə Xocalı qətliamının məqsədyönlü olduğunu açıq etiraf etdiyini xatırladıb. O, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Milli Məclisin Xocalı Soyqırımı Günü haqqında qərar qəbul etdiyini bildirib.

Baş konsul Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun tədbirlər həyata keçirdiyini, 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyanın davam etdiyini vurğulayıb. O, İslam Əməkdaşlıq Təşkilatının, bir sıra ölkələrin parlamentlərinin, Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının soyqırımla bağlı müvafiq sənədlər qəbul etdiyini bildirib.

Ayxan Süleymanlı, həmçinin işğal olunan torpaqların azad edildiyini, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu və Xocalıya məcburi köçkünlərin qayıdışının davam etdirildiyini vurğulayıb.

Aktau şəhər maslixatının sədri Sembiqali Zakenov Xocalı soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu vurğulayıb, Xocalı sakinlərinin amansızlıqla qətlə yetirildiklərini qeyd edib.

Tədbirin iştirakçısı Vaqif Nəbiyev isə mülki əhaliyə qarşı törədilən qətliamı pisləyib, cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Badam çiçəyi" sənədli filmi nümayiş etdirilib.

Seçilən
1
2
hafta.az

3Mənbələr