Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğından artıq 34 il ötür. Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi tamamilə yeni siyasi və tarixi reallıq şəraitində yad edilir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı silahlı dəstələrin tərksilah olunması ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu gün azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da həyatın dirçəldilməsi, infrastrukturun bərpası və tarixi ədalətin simvolik ifadəsi istiqamətində mühüm addımlar atılır. Məhz bu çərçivədə 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Memorial, günahsız qurbanların əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, törədilmiş cinayətin gələcək nəsillərin yaddaşında daim yaşadılmasına xidmət edəcək. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətin unudulması və ya kölgədə qalması yolverilməzdir. Xocalı Soyqırımı Memorialı həm milli yaddaşın qorunmasına, həm də bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən mühüm tarixi-mənəvi məkandır. Xocalı soyqırımı erməni silahlı birləşmələrinin və onların havadarlarının konkret siyasi, hərbi və strateji məqsədlərinin nəticəsi idi.
Bu fikirlər tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın AZƏRTAC-a təqdim etdiyi “Xocalı faciəsi: tarixi yaddaş və bərpa olunmuş ədalət” məqaləsində yer alıb.
Xocalının hədəfə çevrilməsinin səbəbləri
Məqalədə qeyd olunub ki, Xocalı hadisəsinədək Ermənistan silahlı birləşmələri Azərbaycanın bir sıra yaşayış məntəqələrində mülki əhaliyə qarşı zorakılıqlar törətmişdi. Lakin Xocalı faciəsi həm miqyası, həm də məqsədyönlü xarakteri baxımından xüsusi yer tutur. İlk növbədə, Xocalı Azərbaycanın qədim tarixini əks etdirən mühüm arxeoloji mərkəzlərdən biri idi və Xocalı-Gədəbəy mədəniyyətinin əsas ocaqlarından sayılırdı. Digər tərəfdən, şəhər Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının kəsişməsində yerləşməklə mühüm hərbi-strateji mövqeyə malik idi. Bundan əlavə, bölgədəki yeganə hava limanının Xocalıda yerləşməsi şəhərin işğalını Ermənistan üçün strateji baxımdan cəlbedici edirdi. Bu amillər Xocalının məqsədli şəkildə hədəfə alınmasını şərtləndirmişdi.
Faciənin daxili siyasi nəticələri
Xocalıda baş verənlər beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı ağır cinayət idi. Hadisə ilə bağlı xarici mətbuatda dərc olunmuş materiallar, foto və reportajlar mülki əhalinin kütləvi şəkildə məhv edildiyini açıq şəkildə sübut edirdi. Xocalı hadisələrindən sonra Azərbaycan cəmiyyətində böyük narazılıq dalğası yarandı. Hakimiyyətin baş verənlərin miqyasını gizlətməyə cəhd etməsi vəziyyəti daha da gərginləşdirdi. Paytaxtda və regionlarda kütləvi etirazlar başladı, hakimiyyətin istefası tələbləri səsləndirildi. Nəticədə ölkə rəhbərliyində ciddi dəyişikliklər baş verdi. Lakin bu dəyişikliklər siyasi sabitlik yaratmaq əvəzinə, Azərbaycanda xaos və anarxiyanı daha da dərinləşdirdi və torpaqlarımızın işğalı prosesini sürətləndirdi.
Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyət xüsusilə son illərdə gücləndirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan fəal xarici siyasət bu məsələdə mühüm rol oynadı. Heydər Əliyev Fondunun təşəbbüsləri, eləcə də 2008-ci ildən etibarən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində bir sıra ölkə və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanıdı. Müxtəlif ölkələrdə konfranslar keçirildi, sənədli filmlər çəkildi, nəşrlər və sərgilər təşkil olundu. Bu fəaliyyətlər bu gün də ardıcıl şəkildə davam etdirilir.
Tarixdən çıxarılan dərslər
Xocalı soyqırımı qurbanlarının xatirəsi yalnız matəm deyil, həm də tarixi nəticə çıxarmaq məqsədi ilə yad edilir. Bu faciə sübut etdi ki, güclü dövlətçilik, sabitlik, peşəkar ordu və xalq-hakimiyyət birliyi olmadığı təqdirdə belə ağır fəlakətlər baş verə bilər. Məhz bu dərslər əsasında Azərbaycan son illərdə güclü dövlətə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə və sonrakı antiterror tədbirləri nəticəsində ölkə ərazisində separatizmə son qoyulması Xocalı qurbanlarının ruhunun rahatlıq tapmasına səbəb oldu. Cinayət törətmiş şəxslər istintaq qarşısına çıxarıldı və ədalət öz sözünü dedi. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq və gələcək nəsillərə milli birliyin və dövlətçiliyin əhəmiyyətini xatırladacaq.