Avropa İttifaqı iyunda keçiriləcək parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşması bu ölkədə müxalifətin sərt etirazına səbəb olub. Moskva da məsələyə müsbət yanaşmır. İndilikdə müxalifət Avropa İttifaqının Ermənistanda hibrid təhdidlərə qarşı çevik reaksiya qrupu yerləşdirmək niyyətini Ermənistanın daxili siyasi həyatına müdaxilə, hökumət isə bunu təhlükələrəqarşı mübarizəyə dəstək kimi qiymətləndirir.
Qeyd edək ki,Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə göndərdiyi məktubda ölkəsinin Avropa İttifaqından belə bir dəstək istədiyini ifadə edib. Bu, Moldovaya verilən dəstəklə analogiya təşkil edir. Ötən il parlament seçkiləri zamanı Aİ Rusiyanın dezinformasiyalarını dərhal aşkar etmək və qarşısını almaqda Moldova hakimiyyətinə kömək edən 20 nəfərlik qrupu Kişinyova göndərmişdi. Həm Kişinyov, həm Brüssel bu layihəni uğurlu hesab edirlər. Aİ eyni dəstəyi Ermənistana verməyə hazırlaşır. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Hasmik Hakobyan bildirib: “Əvvəllər Avropa İttifaqı hətta dezinformasiya və hibrid hücumlara qarşı Ermənistanı dəstəkləmək üçün maliyyə ayırmaq barədə danışırdı. İndi baş verənlər, əsasən mövzunun davamıdır. Avropa İttifaqı Ermənistanda təkcə hakimiyyətdə olduğumuz illərdə deyil, həm də ondan əvvəl müxtəlif dəstək proqramları həyata keçirib. Əgər dəstək hər hansı bir fenomenlə mübarizə aparmaq üçün siyasi müdaxilə kimi qəbul edilirsə, onda bu, əvvəlki dövrə də aid edilməlidir”. Qeyd edək ki, ötən ilin dekabr ayında Brüssel ilk dəfə İrəvana seçkilərdən əvvəl Rusiya dezinformasiyasının qarşısını almağa kömək etmək üçün 12 milyon avro dəstək verməyə hazırlaşdığını açıqladı. Həmin vaxt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasbildirmişdi ki, Ermənistan parlament seçkilərindən əvvəl onun təmsil etdiyi qurumdan kömək istəyib. O, hətta məsələnin qurumun xarici işlər nazirlərinin görüşündə müzakirə olunduğunu da bildirib: “...Ermənistanda seçkilər olacaq və biz onlara necə kömək edə biləcəyimizi bilməliyik. Ermənilər bizə müraciət edərək, Moldovaya göstərdiyimiz xarici müdaxiləyə qarşı mübarizədə eyni dəstəyi istəyirlər”. “Azatutyun” radiosu bildirir ki, Brüssel İrəvana sürətli reaksiya qrupu göndərməyi planlaşdırır. Parlamentin “Hayastan” fraksiyasından olan deputat Geqam Manukyan bildirib: “Bu, əslində böyük bir rüsvayçılıqdır. Ermənistandakı daxili siyasi vəziyyətə edilən müdaxilədən daha açıq bir nümunə tapa bilmədim”. İrəvanda hansı mütəxəssislərə ehtiyac duyduqları, gəldikləri təqdirdə hansı strukturlarla əməkdaşlıq edəcəkləri və hansı konkret funksiyaları yerinə yetirəcəkləri məlum deyil. Xarici İşlər Nazirliyi sadəcə, qeyd edib ki, Avropa ilə seçki prosesinin düzgün təşkili barəsində müzakirələr aparılır və qərarlar qəbul edilərsə, məlumat verəcəklər. Lakin indiyə qədər rəsmi olaraq heç bir konkret qərar açıqlanmayıb. Brüsseldəki müzakirələrdən əldə edilən diplomatik qeydlərə görə, Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmağa və yumşaltmağa yönəlməlidir.
Bundan əvvəl isə Moskvada parlamentin spikeri Alen Simonyanla görüşündə Rusiya xarici işlər naziri Sergey LavrovErmənistana qarşı hibrid hücumlar iddialarını qəribə adlandırmışdı: “Şimaldan Ermənistana qarşı mifik hücumların hazırlanması ilə bağlı vaxtaşırı açıqlamaları eşitmək qəribədir. Ölkənizdə parlament seçkiləri kampaniyası artıq başlayır. Sizi əmin edə bilərəm ki, xaricdən, açıq şəkildə Rusiyaya istinad edən siqnallar eşidiləndə, kiminsə seçkilərə müdaxilə etməyə hazırlaşdığı, İrəvandan Avropa ittifaqına bu müdaxiləyə yol verməmək üçün çağırışlar ediləndə bütün bunlar bizim üçün qəribə görünür. İnanırıq ki, İrəvandakı məsuliyyətli siyasətçilər bu cür addımların açıq-aşkar təxribat məqsədləri ilə atıldığını başa düşürlər”. Rusiya xarici işlər naziri bir daha Moskvanın son zamanlar müntəzəm olaraq səsləndirdiyi iddianı da təkrarlayıb. Qeyd edib ki, İrəvan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməklə bunun nəticələrini aydın şəkildə anlamaldır: “Avrasiya İqtisadi Birliyinə üzvlük Aİ ilə əməkdaşlığın, xüsusən də üzvlüyün əsasını təşkil edən prinsiplərlə bir araya sığmır. Seçim sizindir və biz buna tam hörmətlə yanaşacağıq. Lakin biz gözləyirik ki, bu proses zamanı Ermənistan AİB-in tamhüquqlu üzvü olduqdan sonra son on ildə əldə etdiyi nəticələr nəzərə alınacaq. 2015-ci ildə Ermənistanın ÜDM-i 10,5 milyard dollar idisə, bu gün 26 milyard dollardır. Göstərici iki yarım dəfə artıb. Bu, şərhə belə ehtiyac olmayan bir faktdır”. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, İrəvan Avropa İttifaqından parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsini xahiş edib. Müxalifətçi millət vəkili Geqam Manukyan iddia edir ki, hibrid müharibə hökumət tərəfindən seçkilərdəki qanun pozuntularını ört-basdır etmək üçün uydurulub. Amma Hasmik Hakobyanın sözlərinə görə, müxalifət bu dəstəyi tənqid etmək əvəzinə minnətdar olmalıdır: “Bu hibrid hücumların bu gün cəmiyyətlər üçün birbaşa fiziki hücumlardan heç də az təhlükəli olmaması təhlükəli fenomenə qarşı birbaşa mübarizədir”. Geqam Manukyan isə qeyd edib: “Hökumət daha da təkəbbürlü olacaq, daha ehtiyatsız qanunlar qəbul edəcək, heç bir beynəlxalq təşkilat tərəfindən qınanmayacağına və ya tənqid olunmayacağına əmin olacaq və qanunsuz fəaliyyətini daha da təkəbbürlü şəkildə davam etdirəcək”. Məsələ ilə bağlı “Azatutyun” radiosunaaçıqlama verən bir neçə Aİ diplomatının sözlərinə görə, tərəflər missiyanı mayın 4-də İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinə qədər başlatmağı hədəfləyirlər.Ona da diqqət çəkilir ki,Aİ üzv dövlətləri iki qərar qəbul etməlidirlər: biri məsələni texniki olaraq təsdiqləmək, digəri isə faktiki olaraq həyata keçirmək. Eyni zamanda Brüsseldəki diplomatik dəhlizlərdə ümid var ki, bu dəfə Azərbaycan Ermənistandakı yeni Aİ missiyasına daha müsbət yanaşa bilər, çünki bu, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək ilə əlaqələndiriləcək. LakinAzərbaycan üçün əsas məsələ “binokl diplomatiyası” ilə məşğul olan Aİ Monitorinq Missiyasının fəaliyyətinin dayandırlmasıdır.Gözlənilir ki, Ermənistandakı yeni Aİ missiyasının heyət tərkibi kiçik olacaq və əsas komanda bir neçə mütəxəssisdən təşkil ediləcək. Heyətin əksəriyyəti isə sərhəd əraziləriizləyən Aİ missiyasından köçürülmüş və həmin mütəxəssislərə dəstək verəcək işçilər olacaq.
Samirə SƏFƏROVA