
“Son baş verən hadisələr onu göstərir ki, Ukrayna savaşının yaxın vaxtlarda sona çatma ehtimalı yoxdur. Rusiya getdikcə sülh masasında mövqelərinin zəiflədiyini hiss edir. Ona görə də Ukraynaya daha intensiv hərbi zərbələr endirməyə cəhd göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
E.Xalidbəyli bildirib ki, hətta bəzi məlumatlara görə təxminən iyun ayının əvvəllərinə qədər Rusiyanın Ukraynaya qarşı dağıdıcı hərbi əməliyyatları başlaya bilər: “Hər halda Kremlə yaxın məlumat qaynaqları belə iddia edirlər. Bu istiqamətdə yeni qüvvə toplanışına da başlanıldığı bildirilir. Yəni belə anlaşılır ki, sülh masasında siyasi diplomatik cəhdlər göstərilsə də savaş meydanında da münaqişəni daha da təhlükəli istiqamətlərə yönəldə biləcək addımlar atılmaqdadır. Bu da onu göstərir ki, sülh diplomatiyası tədricən öz təsirini itirməkdədir və arxa plana keçməkdədir”.
Politoloq savaşın uzun müddət davam etmə ehtimalının kifayət qədər yüksək olduğunu vurğulayıb: “Bu baxımdan hesab etmək olar ki, Ukrayna savaşının dayandırılması istiqamətində başladılmış sülh prosesinin iflasa uğrama ehtimalı artıq inandırıcı görünür və bundan sonrakı aylarda qarşılıqlı hərbi əməliyyatların daha intensiv xarakter daşıyacağını müşahidə edə bilərik”.
Röya İsrafilova