AZ

Xocalı bu gün: Qaranlıqdan aydınlığa uzanan işıqlı sabahların şəhəri

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının Sədri

Bu il Xocalı soyqırımından 34 il ötür. Azərbaycan xalqı 26 fevral tarixini dərin hüzn və ehtiramla yad edir, faciə qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır. Xocalı hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilərək bu cinayət Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi səciyyələndirilib.

Qeyd olunub ki, baş verənlər adi hərbi əməliyyat çərçivəsinə sığmırdı. Dinc əhalinin məqsədli şəkildə hədəfə alınması, insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, şəhərin yerlə-yeksan edilməsi və mülki əmlakın məhv olunması hadisənin planlaşdırılmış kütləvi qətliam xarakteri daşıdığını təsdiqləyir.

Ermənilərin azərbaycanlılara, o cümlədən də xocalılılara qarşı hərbi cinayətləri yeni deyildi. Hələ XX əsrin əvvəllərində - 1905-ci il avqustun 23-də ermənilər Xocalını məhv edir, evləri dağıdaraq, insanlara qarşı qətliam törədirlər. 1989-cu ildən etibarən isə Xocalıya qarşı hücumlar mütəmadi xarakter alırdı.

Həmin dövrdə Ermənistanın xarici siyasətində azərbaycanlılara qarşı silsilə terror həyata keçirmək məqsədi xüsusi önəm daşıyıb. Ağdam-Xocalı istiqamətində gedən xocalılılar yolboyu ermənilərin hücumlarına məruz qalırdı. Yollarda pusqu quran ermənilər sadə insanlara qarşı terror törədir, maşınlara hücum edib onları müxtəlif vasitələrlə sıradan çıxarmağa çalışırdılar.

Üstəlik Yuxarı Qarabağın kəndlərinə hava xətti ilə sərnişinlərin getməsi də təhlükəli hal almışdı. 1991-ci il oktyabrın 29-da Xocalıdan Yevlaxa uçan “AN-2” təyyarəsi Əsgəranda vuruldu və həlak olanların meyitləri ermənilər tərəfindən vəhşicəsinə yandırıldı. Xocalı şəhəri mühasirə vəziyyətində qaldı. 1992-ci il fevralın 13-ü sonuncu dəfə Xocalıya helikopterlə ərzaq məhsulları gətirilir. Bir tərəfdən, əhalinin təhlükəsizliyi üçün heç bir təminatın olmaması, digər tərəfdən Bakıda siyasi vəziyyətin gərginləşməsi xeyli ümidsizlik yaratmışdı.

1991-ci il dekabrın 17-də Xocalıdan respublika rəhbərliyinə göndərilən teleqramda erməni və rus hərbçilərinin işğalçılıq siyasəti pislənir və bildirilirdi ki, Əsgəran və Xankəndi arasında dəhliz açmağa nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdırlar. Teleqramda göstərilirdi ki, “biz təcili kömək istəyirik”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı qətliamı həyata keçirilib. Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb.

Faciə zamanı 1000 nəfər dinc sakin xəsarət alıb. Ermənilərin törətdikləri cinayət zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 56 nəfər diri-diri yandırılıb.

Xocalı soyqırımından onilliklər keçməsinə baxmayaraq, ağır cinayətlərin hüquqi müstəvidə araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Onun sözlərinə görə, 2003-cü il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik orqanlarının birgə əmri ilə xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

Birinci Qarabağ müharibəsindən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi layihələrin reallaşması, Qarabağın Azərbaycan əraziləri kimi dünyada tanıtdırılması istiqamətində ideoloji-siyasi təbliğat aparılıb. Ordunun NATO standartlarına uyğunlaşdırılması, hərbi islahatlar istiqamətində yeniliklər edilməsi, hərbi təlim və tədris mərkəzlərinin müasirləşdirilməsi qələbəyə aparan yolda açar rolunu oynayıb. Ölkənin strateji xəttini müəyyənləşdirən Heydər Əliyev strategiyasını uğurla həyata keçirən Ali Baş Komandan İlham Əliyevin siyasəti regionun geosiyasi mənzərəsini dəyişib.

Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin ruhu şaddır.

2023-cü ildə həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Xocalı da daxil olmaqla, bütün işğal altındakı ərazilər üzərində dövlət suverenliyi bərpa edildi. Bu hadisələr Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Azərbaycan dövlətinin öz vətəndaşlarının haqqını qorumaq əzmində və qətiyyətində olduğunu bir daha nümayiş etdirdi.

Bu gün Xocalıda və digər azad edilmiş şəhər və rayonlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İnfrastruktur yenidən qurulur, yaşayış məntəqələri salınır, sosial obyektlər tikilir. Ən önəmlisi isə, doğma yurdlarından didərgin salınmış vətəndaşlarımız mərhələli şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Xocalıya həyatın qayıdışı təkcə fiziki məkanın bərpası deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin təntənəsidir.

Bu, Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və xalq-dövlət birliyinin bariz nümunəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə, eyni zamanda, milli həmrəyliyin, siyasi iradənin və beynəlxalq mübarizənin simvoluna çevrilib.

Dövlətimizin ardıcıl siyasəti nəticəsində Xocalı həqiqətləri artıq dünya miqyasında tanınır, ədalətə doğru mühüm addımlar atılır. Tarixi ədalətin tam bərpası üçün mübarizə davam edir. Xocalı şəhidlərinin xatirəsi hər zaman ehtiramla anılacaq, onların qanı bahasına yazılmış tarix Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan xalqı ədalətli Qələbənin nə olduğunu dünyaya sübut etdi. Ermənilər Xocalını yer üzündən silməklə qədim mədəniyyətə malik bir ərazinin tarixini məhv etməyə, unutdurmağa çalışırdılar. Xocalıda ermənilərin törətdikləri faciənin ağırlığına baxmayaraq, xalqımızın qəhrəman oğullarının sayəsində bu gün xocalılar Xocalıya sevinclə qayıdırlar.

Qarabağ müharibəsi regionda yeni geosiyasi reallıqlar formalaşdırdı və Azərbaycan dövlətinin strateji iradəsini dünyaya nümayiş etdirdi.

“Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı digər ərazilər kimi yenidən qurulur, tarixi yerlər bərpa olunur, əhalinin təlim-tədris, sosial rifahının müasir tələblərə əsasən inkişafı təmin edilir. Bu proses təkcə məskunlaşma deyil, həm də təhlükəsizlik, mədəni dəyərlərin bərpası, keçmiş tariximizin özünəqayıdışı, iqtisadi inkişaf və sosial reinteqrasiyanın kompleks şəkildə həyata keçirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
yeniazerbaycan.com

4Mənbələr