AZ

Ətraf mühitin qorunması - Gələcəyə ən böyük yatırım

Ətraf mühitin qorunması insanların və təbiətin uzunmüddətli rifahı üçün həyati əhəmiyyət kəsb edir. Son illərdə qlobal istiləşmə, iqlim dəyişikliyi, meşələrin qırılması və digər ekoloji problemlər daha da kəskinləşib. Bu problemlərin qarşısını almaq və gələcək nəsillərə sağlam bir planet miras qoymaq üçün ətraf mühitin qorunması və mühafizəsi artıq yalnız hökumətlərin deyil, hər bir fərdin məsuliyyətidir. İnsanların təbiətə qarşı olan hərəkətləri yalnız bu gün deyil, gələcəkdə də böyük təsirlər yarada bilər.  Ekosistemləri qorumaq, təbii sərvətlərdən səmərəli istifadə etmək və təbiətə zərər vurmamaq həyatın hər sahəsində ən əsas prioritetlərdən olmalıdır.

 

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Manset.az-a açıqlamasında bildirib ki, müasir dünyada ətraf mühitin ən böyük problemi dağıdıcı müharibələrdir:


“Müharibələri lokallaşdırmaq, ümumiyyətlə, güc yolu ilə siyasəti həyata keçirmək strategiyasına son qoyulmalıdır. Bəşəriyyət bilməlidir ki, müharibələr hərtərəfli formada zərərlidir. Bu həm maddi zərərdir, həm də böyük ekoloji problemlərə yol aça bilər. Bu azmış kimi təbii mühiti dağıtmaq insanların sağlamlığına təhdidlə bərabər həm də gələcək nəsilləri məhv edəcək bir yoldur. Ona görə də, bu məsələdə yetərincə diqqətli olunmalıdır. 70-ci illərdə baş vermiş Vyetnam müharibəsi ilə əlaqədar hələ indi də ziyan çəkənlər qalır. Bu zərərçəkənlərlə bərabər həmin əraziyə ətraf mühitə vurulan ziyanın təsirləri hələ də davam edir. Bu da bir daha göstərir ki, müharibələr ətraf mühiti məhv edir”.

Ənvər Əliyev qeyd edib ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da bəzi ekoloji problemlər aktuallığını qoruyur:

“Hazırkı dövrdə Azərbaycanda ətraf mühitə ən böyük zərər kimi ərazilərimizdə olan minlərlə minaları misal göstərə bilərik. Külli miqdarda bombalar və minalar bizim hektarlarla əkinə yararlı torpaq fondumuza ziyan vurub, torpaq profilini dağıdıb və bu torpağı onilliklər ərzində dövriyədən çıxarıb. Belə ərazilərdə genetik qatlar, torpaq qatları bir-birinə qarışıb və bu da həmin ərazilərin yararsız vəziyyətə salınması deməkdir. Qarşıda duran növbəti əsas öhtəlik isə yaşıl enerjiyə keçməkdir. Bizim hazırda mövcud olan külli miqdarda enerji ehtiyyatlarımız, karbohidrogen ehtiyyatlarımız nə vaxtsa tükənə bilər. Bu səbəbdən də yaşıl enerjiyə xüsusi diqqət yetirməliyik. Digər istiqamətlərdən biri də 8.6-8.8 milyon hektar torpaq ehtiyyatlarımızdan səmərəli istifadə etməkdir. Onların məhsuldarlığını artırmalı, üzvi və mineral gübrələrlə təminatını mütləq nəzərə almalıyıq”.

 

Fidan Vəlisoy

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 

 

 

 

 

Seçilən
6
manset.az

1Mənbələr