Fransa prezidenti Emmanuel Makron ölkəsinin nüvə doktrinasını yeniləməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Makron bazar ertəsi Bretan bölgəsində yerləşən Fransa nüvə sualtı qayıqlarının bazasında çıxış edərək Parisin təhlükəsizlik baxımından narahat olan müttəfiqlərinə hansı imkanları təklif edə biləcəyini açıqlayacaq. Fransada nüvə doktrinasının yenilənməsi ənənəvi olaraq hər prezidentlik dövründə bir dəfə həyata keçirilir.
Yeni yanaşmaya əsasən, Fransa “minimum, lakin etibarlı” nüvə arsenalı prinsipini qoruyur. Bu strategiya mümkün ilk hücumun qarşısını almaq üçün rəqibə qəbuledilməz səviyyədə zərər vurmaq imkanına əsaslanır.
Fransız rəsmilər çıxışdan əvvəl detalları açıqlamasalar da bildiriblər ki, 2020-ci ildən bəri beynəlxalq təhlükəsizlik mühiti ciddi şəkildə dəyişib.
Xüsusilə, Rusiya tərəfindən nüvə arsenalının genişləndirilməsi və Ukrayna müharibəsindən sonra nüvə ritorikasının sərtləşməsi əsas amillər kimi göstərilir.
Rəsmi Paris vurğulayır ki, dəyişməyən əsas prinsip qalır: nüvə zərbəsi barədə qərarı yalnız Fransa prezidenti verə bilər.
Bu ay Münhendə keçirilən təhlükəsizlik tədbiri çərçivəsində Almaniya kansleri Fridrix Merz Berlinin Fransa ilə Avropa üçün mümkün nüvə çəkindirmə mexanizmi barədə məsləhətləşmələrə başladığını açıqlayıb. Makron isə belə təşəbbüsün “vahid müdafiə və təhlükəsizlik yanaşmasına” əsaslanmalı olduğunu bildirib.
Avropanın bəzi, xüsusilə ABŞ yönlü şimal ölkələri də təşəbbüsə ehtiyatla maraq göstərsələr də, bir sıra rəsmilər Fransanın mövcud arsenalının bütün qitəni qorumağa yetərli olub-olmamasına şübhə ilə yanaşır. Əsas narahatlıqlar arasında maliyyə yükünün bölüşdürülməsi, buraxılış qərarına nəzarət və nüvə qüvvələrinə diqqətin adi hərbi imkanlara yatırımları azaltması riski göstərilir.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri Vaşinqtonun Avropa üçün “nüvə çətiri” təminatını davam etdirəcəyini bəyan edib.
Son məlumatlara görə, bəzi Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinə inamın zəiflədiyi fonunda alternativ nüvə çəkindirmə variantlarını da qeyri-rəsmi şəkildə müzakirə etməyə başlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az