Fevralın 25-də Azərbaycanın cənub bölgəsinin təhsil həyatında tarixi və əlamətdar bir hadisə baş verib. Prezident İlham Əliyevin iştirakı ilə yenidən qurulan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, bu mərkəz regionda peşə təhsilinin inkişafında strateji rol oynayır. Müəssisənin əsas hədəfi əmək bazarının müasir tələblərinə tam cavab verən ixtisaslı kadrların hazırlanmasıdır. Artıq mərkəzin tədris binaları, emalatxanaları və laboratoriyaları ən yüksək beynəlxalq standartlar səviyyəsində qurulub.
Yenidənqurma işlərindən sonra mərkəzin korpuslarının sayı 7-yə çatdırılıb. Burada tələbələrin həm təhsili, həm də asudə vaxtı üçün hər bir məqam düşünülüb. İnnovativ emalatxanalar, avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) sahələri yaradılıb. Kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik laboratoriyaları və müasir istixanalar fəaliyyət göstərir.
300 nəfərlik geniş akt zalı, zəngin kitabxana, idman kompleksi və uzaq rayonlardan gələn tələbələr üçün 53 yerlik müasir yataqxana binası istifadəyə verilib.
2025/2026-cı tədris ilində mərkəz fəaliyyətini uğurla davam etdirir. Hazırda burada 42 ixtisas üzrə 55 qrupda, ümumilikdə, 962 tələbə təhsil alır. Sevindirici haldır ki, tələbələrin 385-i qadındır və bu, mərkəzin bütün fəaliyyət tarixində rekord göstərici kimi qeydə alınıb.
Mərkəzin direktoru Afər Kərimov qeyd edir ki, gənclərin seçimində ciddi dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, hazırda alternativ enerji, İT, informasiya təhlükəsizliyi və proqramlaşdırma kimi müasir ixtisaslara maraq sürətlə artmaqdadır:
"Bu sahələr həm yüksək əməkhaqqı, həm də geniş iş imkanları baxımından gənclər üçün cəlbedicidir. Bizim əsas məqsədimiz dövlət–özəl sektor əməkdaşlığını gücləndirməklə, regionun inkişafına töhfə verəcək peşəkarlar yetişdirməkdir."
Tədris prosesində nəzəri biliklərlə istehsalat təcrübəsinin vəhdəti mərkəzin uğurunun əsasını təşkil edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar tələbələrə real iş mühitində vərdişlər qazanmağa imkan verir./azertag/