Şəkərli qəhvə diş minası üçün ən riskli içkilərdən biri hesab olunur. Çünki bu içki həm turşuluq təsiri göstərir, həm də dişlərə zərər verən bakteriyalar üçün əlverişli mühit yaradır.
Editor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Mount Sinai Xəstəxanasının diş həkimi Culi Ço və Nyu-York Ştat Universitetinin Stomatologiya Fakültəsinin nümayəndəsi Mark Volf Infobae nəşrinə açıqlamalarında bildiriblər.
Culi Çonun sözlərinə görə, qəhvənin tərkibində diş minasını ləkələyən tanin maddələri var. Bu təsir xüsusilə diş minası daha məsaməli olan insanlarda daha qabarıq şəkildə özünü göstərir. Piqmentlər mina qatına daha asan nüfuz edir və nəticədə dişlər daha tez qaralır.
Mark Volf isə əlavə edib ki, qəhvənin turşuluq səviyyəsi diş minasının strukturuna mənfi təsir göstərir. Turş mühit zamanla minanı zəiflədir, kariyes və diş həssaslığı riskini artırır. Bundan əlavə, qəhvə ağız quruluğuna səbəb ola bilər. Tüpürcəyin azalması isə dişlərdə ərpin toplanmasını və bakteriyaların çoxalmasını sürətləndirir.
Mütəxəssislər xüsusilə şəkər əlavə edilmiş qəhvənin daha təhlükəli olduğunu vurğulayıblar. Şəkər bakteriyalar üçün qida mənbəyi rolunu oynayır və onların çoxalması nəticəsində turşu istehsalı artır. Bu turşular isə diş minasını daha da yumşaldaraq aşınmanı gücləndirir və içkinin zərərli təsirini artırır.
//Gülnarə Abasova, Editor.az