ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 26 fevral, AZƏRTAC
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov gürcü həmkarı Mariam Kvrivişvili il görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu çərçivəsində keçirilən görüşdə Gürcüstanın regionda sülhün və əlaqənin möhkəmləndirilməsindəki rolu vurğulanıb. Qeyd edilib ki, forum 2012-ci ildən keçirilir və illər ərzində üçtərəfli iqtisadi əməkdaşlıq üçün effektiv platforma kimi inkişaf edib.
Görüşdə nazirlər ticarət və iqtisadi əlaqələrin prioritet sahələrini, o cümlədən iki ölkə arasında ikitərəfli ticarətdə mövcud olan müsbət dinamikanı müzakirə edib. Qeyd edilib ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. 2025-ci ilin məlumatlarına görə, Gürcüstanın Azərbaycana ixracı 26 faiz artıb və Azərbaycan Gürcüstanın dördüncü ən böyük ticarət tərəfadşıdır. Bildirilib ki, tərəflər ikitərəfli ticarətdə uğurlu əməkdaşlığa baxmayaraq, ticarət həcmini artırmaqda maraqlıdırlar. Bu baxımdan, nazirlər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forumların, ticarət missiyalarının və digər tədbirlərin keçirilməsinə böyük əhəmiyyət veriblər. Tərəflər təxminən 400 şirkətin iştirak etdiyi 7-ci Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumunun keçirilməsini müsbət qiymətləndiriblər.
Görüşdə, həmçinin investisiyalar, nəqliyyat və logistika, turizm, kənd təsərrüfatı, enerji, rabitə və s. kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Regional layihələrin həyata keçirilməsinin asanlaşdırılmasına xüsusi diqqət yetirilib. Gürcüstan tərəfi Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq, Gürcüstanın nəqliyyat mərkəzi kimi qurulmasına töhfə verəcək nəqliyyat və logistika infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Söhbət zamanı ölkələr arasında neft və qaz nəqli sahəsində əməkdaşlığa da diqqət yetirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.