Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini Budapeşti münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın hökumət başçısı bunu Ukrayna liderinə açıq məktubunda yazıb. Məktubun mətni sosial mediada dərc olunub. “Dörd ildir ki, Budapeşti Ukrayna-Rusiya müharibəsinə cəlb etməyə çalışırsınız. Bu müddət ərzində Brüsselin və Macarıstan müxalifətinin dəstəyini təmin etmisiniz... Son günlər Macarıstanın enerji təchizatı üçün çox vacib olan “Drujba” neft kəmərini də bağlamısınız”, - deyə məktubda bildirilir.
Viktor Orban Ukrayna dövlət başçısının hərəkətlərinin Budapeştin maraqlarına zidd olduğunu, ölkənin etibarlı və əlverişli enerji təchizatını təhlükə altına qoyduğunu vurğulayıb. O, həmçinin Kiyevi “Drujba” boru kəmərini bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı növbəti hücumlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Macarıstan və Slovakiya Brüsselin mövqeyinə zidd olaraq əlverişli qiymətlərlə Rusiya enerji təchizatından imtina etmək istəmirlər.