AZ

Ermənilər doğum yerimin Təbriz olduğunu görüb məni Xocalıya buraxmadılar... Reza Deqati ilə MÜSAHİBƏ

Bakı, 26 fevral, Göyçək Mahmudlu, operator Namiq Abdullayev, foto Orxan Kərimov, AZƏRTAC

Dünyada bir ibrət, bir dərs var. İnsanlar bilsinlər ki, nə qan yerdə qalar, nə də zülmə uğrayanın ahı...

Bunu AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan dünyaşöhrətli fotojurnalist Reza Deqati deyib.

O, 34 il əvvəli belə xatırlayıb: "Xocalı faciəsi baş verən zaman Parisdə idim. Dostlarımdan biri belə bir hadisə barədə eşidib-eşitmədiyini soruşdu. Ona xəbərim olmadığını dedim. Araşdırmağa başladım və hadisə barədə məlumat topladım. Fakt təsdiqini tapdı və həqiqətləri gözlərimlə görmək və dünyaya bəyan etmək üçün tezliklə özümü hadisə yerinə çatdırmağa tələsdim. Mən hadisədən bir həftə sonra artıq Ağdamda idim. Burada gördüklərimdən dəhşətə gəldim. Ağdam məscidinin arxasında canını güclə ermənilərin əlindən qurtarmış 100-lərlə Xocalı sakini var idi. Onların çoxu digər ailə üzvlərinin taleyindən bixəbər idi. Həmin yerdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla tanış oldum. O çox ziyalı insan idi. Müharibələrdən çəkilişlər etsəm də, generalları, komandanları çox görsəm də, Allahverdi Bağırov tamam fərqli idi. Ondan öyrəndim ki, xeyli sayda əsir və girov götürülmüş sakinlər var və onları azad edəcəklər. Onunla bir yerdə əsir və girovların azad edilməsi, dəyişdirilməsi prosesini çəkirdim. O vaxt mən faciənin miqyasının daha geniş olduğunun bir daha şahidlik etdim. Bir neçə gün erməni əsirliyində qalanlara xeyli işgəncə verildiyi, ac-susuz qaldıqları bəlli idi. Həmin adamların gözlərindən onlara böyük təzyiqlər olduğu açıq-aşkar oxunurdu. İllərdir topladığım təcrübə mənə deyirdi ki, onların başına çox oyunlar gətirilib. Hadisə şahidləri ilə bacardığım qədər ünsiyyətdə olmağa çalışırdım. Başqa fotoqraf və videooperatorların lentə aldıqlarına baxırdım. Dinc sakinlərin çoxlarının başlarını əzmişdilər, başlarının dərisini soymuşdular. Canını qurtaranlar da eyni sözləri deyirdi. Hələ də onların dediklərini xatırlayıram...

Qırmızı Xaç Komitəsi də bu proseslərdə iştirak edirdi. Komitənin isveçrəli nümayəndəsinə pasportumu vermişdim ki, siz gedin ermənilərin komandanına göstərin. Deyin ki, fransız jurnalist var, gəlib Xocalıda çəkiliş etmək istəyir. Həmin adam deyir ki, ermənilərə rəhbərlik edən şəxs doğum yerinin Təbriz olduğunu görəndə azərbaycanlı olduğumu başa düşüb və deyib ki, gəlsə, burdan sağ çıxmaya bilər.

Heç yadımdan çıxmaz xocalılı Pirəqul kişi var idi, o qədər ağlamışdı ki, artıq gözlərindən yaş qalmamışdı. Əlində oğlunun fotosu ilə gələnlərin qarşısına qaçır, onu soraqlayırdı. Onun oğlu Azad ermənilərin fermadan apardığı 13 gəncdən biri idi. Heç kəs bilmir ki, haradadırlar. Azadın iki oğlu vardı. Hazırda onun oğlanlarından biri Xocalıda tikinti işləri ilə məşğul olur. Bu da bir tarixdir...

O vaxtdan indiyə kimi çiynimdə ağır bir məsuliyyət yükü yarandı. Mənim missiyam onların səsini dünyaya çatdırmaq oldu. Xocalının 600-dan çox şəhididən 200-nün fotolarını toplamışam. İnformasiya müharibəsinin ən qaynar nöqtəsi Fransadır. Mən uzun illər ərzində bu ölkədə Qarabağ, Xocalı məsələsini bütün kitablarımda, sərgilərimdə, konfranslarımda qaldırmışam. Təzyiqlərə baxmayaraq, təbliğatımı hər zaman davam etdirdim.

O zaman Azərbaycana gəlməsəydim bu cür şəkillər olmayacaqdı. Çəkdiyim şəkillərin hamısını sübut kimi beynəlxalq məhkəməyə vermişəm. Hər dəfə o şəkillərə baxanda həmin günlərə dönürəm...

Dünyada hər zaman ədalət olacaq. Pis iş gördünüzsə, mütləq onun bədəlini ödəyəcəksiniz. Nə yaxşı ki, Xocalı üçün ədalət bərpa olundu. Faciəni törədənlər ədalət qarşısında öz cəzalarını aldılar. Qatillər məhkəmədə cavab verir və cəzalandırılırlar. Oğlunu itirən babanın nəvəsi ev tikir ki, ora qayıtsınlar. Bütün bunlar ədalətin təzahürüdür...”

Seçilən
16
azertag.az

1Mənbələr