AZ

Yunanıstan turizmdə ardıcıl üçüncü dəfə tarixi rekord qırıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afina, 26 fevral, AZƏRTAC

Yunanıstan 2025-ci ildə turizm sektorunda ardıcıl üçüncü dəfə rekord nəticə əldə edib.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Mərkəzi Bankının açıqladığı rəsmi statistik göstəricilərə əsasən, ötən il ölkəyə gələn xarici turistlərin sayı təxminən 38 milyona çatıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstərici hesab olunur.

Eyni zamanda, turizm gəlirləri də artaraq 23 milyard avrodan çox olub. Bu artım həm Avropa İttifaqı ölkələrindən, həm də ABŞ və digər regionlardan gələn turist axınının yüksəlməsi ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, mövsümün uzadılması, yeni aviareyslərin açılması və kruiz turizminin genişlənməsi bu dinamikanı gücləndirən əsas amillər sırasındadır.

Yunanıstan Turizm Nazirliyi 2025-ci ili sektor üçün ən uğurlu il kimi qiymətləndirərək, 2026-cı ildə də müsbət tendensiyanın davam edəcəyini proqnozlaşdırır. Xüsusilə Santorini, Mikonos, Rodos və Krit kimi məşhur istiqamətlərdə doluluq səviyyəsi rekord həddə çatıb.

Analitiklərin fikrincə, Yunanıstanın zəngin mədəni irsi, Aralıq dənizi iqlimi, inkişaf etmiş mehmanxana infrastrukturu və xidmət keyfiyyəti ölkəni qlobal turizm bazarında lider mövqedə saxlayır. Turizm sektorunun ÜDM-də və məşğulluqda payı da əhəmiyyətli olaraq qalır və ölkə iqtisadiyyatının əsas dayaqlarından biri hesab edilir.

Qeyd edək ki, ardıcıl üç il rekord nəticələrin əldə olunması Yunanıstanın beynəlxalq turizm bazarında mövqeyini daha da möhkəmləndirib və regionda rəqabət qabiliyyətini artırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
azertag.az

1Mənbələr