AZ

Rusiya və İran Çin bazarında savaşır: Nefti Çinə kim daha ucuz sata bilər?

Vətəninfo.az xəbər verir ki, Rusiya və İran Çin bazarında neft satışı uğrunda rəqabəti artırıb. Analitiklərin fikrincə, Hindistanın hər iki ölkədən neft alışını azaltmasından sonra Moskva və Tehran eyni məhdud alıcı qrupu — Çin şirkətləri uğrunda daha böyük endirimlər təklif etməyə başlayıblar.

Məlumata görə, Hindistan Rusiya və İran neftinin idxalını azaltdıqdan sonra əsas diqqət Çin bazarına yönəlib. Rystad Energy analitik şirkətinin proqnozuna əsasən, Hindistanın Rusiya neftinin idxalı 40 faiz azalaraq gündəlik 600 min barelə düşə bilər.

Eyni zamanda bildirilir ki, Çin bazarı buraxılan əlavə həcmləri tam mənimsəyə bilmir. Nəticədə satılmamış xam neft Asiya sularında tankerlərdə toplanır. Alternativ bazar imkanlarının məhdudlaşması fonunda Kreml hasilatı azaltmaq məcburiyyətində qalıb ki, bu da Rusiyanın iqtisadi imkanlarına təsir göstərir.

Digər tərəfdən, İran mümkün ABŞ zərbəsi riskini nəzərə alaraq mümkün qədər çox neft ixrac etməyə çalışır.

Hazırda isə rəqabətdə üstünlüyün Rusiyada olduğu bildirilir. Fevralın ilk 18 günü ərzində Rusiya neftinin Çin limanlarına tədarükü gündəlik 2,09 milyon barelə çatıb. Bu göstərici yanvar ayı ilə müqayisədə təxminən 20 faiz, dekabrla müqayisədə isə təxminən 1,5 dəfə çoxdur.

İranın Çinə gündəlik neft ixracı isə bu ilin əvvəlindən etibarən təxminən 1,2 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalma deməkdir.

Seçilən
21
veteninfo.az

1Mənbələr