AZ

Restoran və kafe xərclərində rekord artım - Səbəb NƏDİR?

2026-cı ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 219,2 milyon manat olub. Nominal qiymətlərlə aparılan müqayisədə isə artım sürəti 16,6 faizi ötüb. 

Qeyd edək ki, əvvəlki aylarda da ictimai iaşə sektorunda sürətli artım baş vermişdi və maraqlıdır ki, bu dinamika hələ də davam edir. 

Bəs Azərbaycan əhalisinin restoran, kafe, onlayn yemək satışı və digər bu kimi xidmətlərə xərclədiyi vəsaitin sürətlə artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, ictimai iaşə dövriyyəsinin sürətlə artması ölkədə xidmət sektorunun inkişaf etdiyini və istehlak davranışında mühüm dəyişikliklərin baş verdiyini göstərir.

Onun sözlərinə görə, dövriyyənin sürətlə artması ilk növbədə qiymətlərdəki artımla bağlıdır:

"Belə ki, nominal artımın (16,6%) real artımdan (9,6%) daha yüksək olması onu göstərir ki, dövriyyə artımının bir hissəsi qiymətlərin yüksəlməsi ilə bağlıdır. Yəni həm xidmətlərin sayı artıb, həm də orta çek məbləği yüksəlib. Ən başlıca səbəb qiymət amili və inflyasiya təsiridir. Bu artım əhalinin bəzi seqmentinin gəlirlərinin yüksəlməsi ilə əlaqədardır. Gəlirlərin artması insanların yalnız zəruri tələbatlara deyil, eyni zamanda həyat keyfiyyətini yüksəldən xidmətlərə, o cümlədən restoran və kafe xidmətlərinə daha çox vəsait xərcləməsinə imkan yaradır".

İqtisadçı qeyd edib ki, digər mühüm amil həyat tərzinin dəyişməsidir:

"Xüsusilə şəhər yerlərində yaşayan və aktiv əmək fəaliyyəti ilə məşğul olan əhali arasında ictimai iaşə xidmətlərindən istifadə artıq gündəlik həyatın adi elementinə çevrilib. Bu, həm vaxt qənaəti, həm də sosial aktivlik baxımından üstünlük təşkil edir. Bununla yanaşı, onlayn sifariş və çatdırılma platformalarının geniş yayılması ictimai iaşə xidmətlərinə çıxışı daha da asanlaşdırıb. İnsanlar evdə yemək bişirmək yerinə bir neçə kliklə yemək sifariş edə bilir. Bu amil sektorun dövriyyəsinin daha sürətli artmasına əlavə təkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr