AZ

Xocalı: Sükutun İçində Qışqıran Həqiqət

Xocalı — cəzasız qalan cinayətin adı.

Bəzən tarix susur. Amma elə faciələr var ki, susqunluğun özü qışqırığa çevrilir. Xocalı da belədir — insanlığın vicdanına yazılmış qanlı həqiqət.

26 fevral 1992-ci il gecəsi Qarabağın Xocalı şəhəri dinc əhaliyə qarşı amansız hücuma məruz qaldı. Qadınlar, uşaqlar, qocalar silahsız halda qarın və şaxtanın içində çıxış yolu axtarırdı. Onların tək “günahı” azərbaycanlı olmaları idi.

Faciə nəticəsində 613 nəfər qətlə yetirildi. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Bu rəqəmlər statistika deyil — yarımçıq qalan ömürlərin sayıdır.

Xocalı müharibənin təsadüfi nəticəsi deyildi. Bu, dinc əhaliyə qarşı məqsədli şəkildə törədilmiş soyqırımı aktı idi. Xüsusi qəddarlıqla həyata keçirilən qətliam beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Xocalı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin utancıdır. Amma illərdir dünya bu utanca qarşı susmağa üstünlük verdi. Siyasi maraqlar və ikili standartlar Xocalının səsini boğmağa çalışdı. Lakin bir həqiqət var: həqiqət gecikə bilər, amma itib getməz.

Bu faciəni dərk edənlər təkcə o gecəni yaşayanlar deyil. Xocalı həm də onu uşaqlıq travması kimi içində daşıyan bir nəsildir. O zaman baş verənləri tam dərk etməyən, amma məktəb üçün divar qəzeti yazan, qara çərçivəyə salınmış şəkillərə baxıb nəyin baş verdiyini anlamasa da içində bir ağırlıq hiss edən uşaqlar var idi. O uşaqlar Xocalını anlayaraq yox, hiss edərək yaşadı. Qorxu, sual və cavabsızlıqla böyüdü. İllər keçdi, suallar cavaba çevrildi, hiss edilən ağrı isə dərin yaddaşa. Bu gün həmin uşaqlar böyüyüb — və o yaddaş danışır.

Xocalını xatırlamaq keçmişə qayıtmaq deyil — gələcək üçün məsuliyyətdir. Çünki unudulan faciələr təkrarlanır.

Xocalı artıq sadəcə bir şəhərin adı deyil. Bu, ədalət gözləyən həqiqətdir.

Bəlkə də biz Xocalını o vaxt uşaq ağlı ilə tam dərk etmirdik. Amma bu gün doğru.az olaraq deyirik: Xocalı unudulmur, unutdurulmur.

İlahə Əliyeva

DOĞRU.AZ 

Seçilən
22
dogru.az

1Mənbələr