AZ

Təsbeh üstündə tanışını bıçaqlayan şəxsə 6 il 6 ay HƏBS CƏZASI

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hafiz Hacılının (soyadı şərtidir) barəsindəki verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 09 may 2025-ci il tarixdə, saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynalov küçəsində yerləşən “20 Yanvar” parkının qarşısında qeydə alınıb.

 

Belə ki, Hafiz Hacılı tanışı, zərərçəkmiş Elnur Qurbanovla (soyadı şərtidir) olaydan bir neçə dəqiqə əvvəl mobil telefon vasitəsilə yazışma aparıb. Yazışma zamanı tərəflər arasında təsbehin geri qaytarılması məsələsinə görə mübahisə yaranıb.

 

Məlumata görə, zərərçəkmiş şəxs təsbehin qaytarılmasını tələb edərkən tərəflər arasında qarşılıqlı narazılıq baş verib və təqsirləndirilən şəxs bunu əsas götürərək görüş təyin edib. O, görüşə gedərkən özü ilə iki ədəd məişət təyinatlı, zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilməyən bıçaq götürüb.

 

Hadisə yerində tərəflər arasında yaranmış gərginlik fonunda Hafiz Elnura hücum edib və sağ əlində olan mətbəx bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə o, zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik bağırsağın yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş xəsarət alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilib.

 

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs əməli törədərkən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və hərəkətləri zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq xarakteri daşıyıb.

 

Məhkəmə istintaqı zamanı Hafiz Hacılı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Elnuru 15 ildən artıq müddətdir tanıyır və əvvəllər aralarında yaxın münasibət olub. Hadisədən təxminən bir ay əvvəl ondan kustar üsulla hazırlanmış təsbeh götürdüyünü, lakin sonradan həmin təsbehi itirdiyini deyib. Zərərçəkmişin təsbehi geri tələb etməsi və yazışma zamanı ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əsəbiləşdiyini qeyd edib.

 

Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Elnuru Biləcəri qəsəbəsində yerləşən parkın qarşısına görüşə çağırdığını, onu qorxutmaq məqsədilə evdən çıxarkən özü ilə bıçaq götürdüyünü, lakin görüş zamanı aralarında söhbət baş tutmadan zərərçəkmişi bıçaqla vurduğunu etiraf edib. Zərbə endirildikdən sonra Elnur hadisə yerindən uzaqlaşıb, əraziyə yaxınlaşan polis əməkdaşlarına isə Hafiz təslim olduğunu söyləyib.

 

O, məhkəmədə zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Tarix: 26 Fevral 2026, 08:49   
Seçilən
17
pravda.az

1Mənbələr