AZ

Süni intellektlə üzünü dəyişən cinayətkar İstanbulda TUTULDU – FOTO

Süni intellektlə polisləri aldadan cinayətkar İstanbulda yaxalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

İstanbulda süni intellekt vasitəsilə xarici görünüşünü dəyişən və saxta şəxsiyyət vəsiqəsi hazırlayan şəxsin 19 illik həbs cəzası ilə axtarışda olduğu üzə çıxıb.

Məlumata görə, 18 yaşlı şübhəli Abdülhamit K. İstanbulda sənədlərin yoxlanılması zamanı polisə saxta vəsiqə təqdim edib. İlkin yoxlama zamanı sənəddə hər hansı qanun pozuntusu aşkar olunmayıb. Lakin polis əməkdaşlarından biri təxminən 1,5 il əvvəl Qalatada həmin şəxsi yoxladığını xatırlayıb və daha detallı araşdırma aparıb.

Polis əməkdaşı şübhəlinin həyat yoldaşının əlindəki tatuaja diqqət yetirib. Orada yazılan adın şəxsiyyət vəsiqəsindəki adla fərqli olduğunu görən polis ondan bunun səbəbini soruşub. Bu zaman şübhəli qaçmağa çalışsa da, 1 kilometrlik təqibdən sonra saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, 19 il müddətinə azadlıqdan məhrum edilən cinayətkar üz tanıma sistemlərinə düşməmək üçün süni intellektin köməyi ilə öz fotosunu bir qohumunun fotosu ilə birləşdirib və bu yeni şəkillə saxta vəsiqə düzəldib. Bildirilir ki, o, bu üsulla uzun illər polis yoxlamalarından uğurla yayına bilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr