Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Astana, 25 fevral, AZƏRTAC
Kiyev Bakını enerji sahəsində strateji tərəfdaş kimi qiymətləndirir və Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın Qazaxıstandakı səfiri Viktor Mayko deyib.
“Azərbaycan enerji resurslarının Ukraynaya və ümumilikdə Avropaya ixracında strateji tərəfdaşımızdır. Bu resurslardan biri də Qazaxıstan neftidir”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Ukrayna Qazaxıstan neftini təkcə qəbul etməkdə deyil, onu öz ərazisində emal etməkdə də maraqlıdır.
Diplomat bildirib ki, ikinci strateji əhəmiyyətli istiqamət qaz sahəsidir: “Bu sahədə Ukrayna və Azərbaycanın ortaq tərəfdaşı Türkmənistandır. Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir və qazın qərb istiqamətində – Azərbaycan və Türkiyə vasitəsilə Cənubi Avropaya ixracında maraqlıdır. Azərbaycan Qazaxıstan neftinin gələcək tədarükünü, həm də Türkmənistan qazının nəqli üçün tranzit imkanlarını formalaşdıran ölkədir”.
Enerji sahəsi ilə yanaşı, Ukrayna Cənub-Şərqi Asiya və Çini Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək Orta Dəhlizdə iştirakla bağlı danışıqlar aparır.
“Heç bir mübaliğə olmadan demək olar ki, Azərbaycan artıq bu gün Avropa ilə Asiyanı birləşdirəcək enerji və iqtisadi-ticari xətlərin formalaşmasında əsas rol oynayır və gələcəkdə bu rol daha da artacaq”, – deyə səfir bildirib.
O, həmçinin SOCAR-ın Ukraynaya göstərdiyi yardımı da qeyd edib: “Bu, təkcə bütün Ukrayna üzrə yanacaqdoldurma məntəqələri deyil, həm də şirkətin ölkəmizə göstərdiyi böyük dəstəkdir. Sadə vətəndaşların və təcili tibbi yardım avtomobillərinin pulsuz yanacaqla təmin olunduğunu yaxşı xatırlayırıq”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.