AZ

Hizbullah İrandan üz döndərdi - ABŞ İrana hücüm edərsə müdaxilə etməyəcəyik

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran ətrafında artan gərginlik fonunda “Hizbullah”ın mövqeyi açıqlanıb.

TurkicWorld xəbər verir ki, Beyrutda adının açıqlanmasını istəməyən “Hizbullah” rəsmisi ABŞ-ın İrana qarşı zərbələrinin məhdud xarakter daşıyacağı halda təşkilatın hərbi əməliyyatlara qoşulmayacağını deyib. Lakin o, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin hədəfə alınmasının “qırmızı xətt” olduğunu vurğulayıb.

Rəsmi qeyd edib ki, əgər hücumların məqsədi İran hakimiyyətinin devrilməsi və ya birbaşa ali rəhbərin hədəfə alınması olarsa, “Hizbullah” müdaxilə edəcək. Onun sözlərinə görə, Xameneinin hədəfə alınması cavabsız qalmayacaq və belə bir ssenari regionda genişmiqyaslı qarşıdurmaya yol aça bilər.

ABŞ son həftələr Fars körfəzi və Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb və İranla aparılan danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi variantı istisna etmədiyini bəyan edib. Məlumata görə, tərəflər arasında danışıqların növbəti mərhələsi Cenevrədə keçirilməlidir.

“Hizbullah” rəsmisi əlavə edib ki, İran hakimiyyətinin devrilməsinə yönəlmiş mümkün müharibə halında İsrailin Livana qarşı əməliyyatlara başlaması ehtimalı yüksəkdir. Bu halda təşkilatın müdaxiləsi “məhdud deyil, mövcudluq xarakterli mübarizə” olacaq.

Qeyd olunub ki, Livan hakimiyyəti regionda mümkün eskalasiyanın ölkəyə təsirindən narahatdır. Təşkilatın geniş raket arsenalına malik olması və İsraillə gərgin münasibətlər riskləri artırır.

Xatırladaq ki, ötən ilin noyabrında tərəflər arasında atəşkəs əldə olunmasından sonra “Hizbullah” rəhbərliyi təşkilatın “müdafiə mövqeyində” olduğunu və Livan dövlətinin qərarlarını dəstəklədiyini bəyan edib. Bununla yanaşı, İsrail Livan ərazisində təşkilatın hərbi imkanlarının bərpasının qarşısını almaq məqsədilə zərbələr endirdiyini bildirir.

Seçilən
18
turkic.world

1Mənbələr