AZ

Xamenei Trampı hədələdi - İranı ruhlandıran güc (?) hamını düşündürür...



Züriyə Ruslanqızı: “İranın arxayınlığı hərbi üstünlükdən yox, qarşı tərəfin qərar qəbuletmə xərclərini artırmaq qabiliyyətindən qaynaqlanır”

“Tehran müharibə axtarmır, amma ABŞ hücum edərsə, İran "düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək”. RİA Novosti-nin məlumatına görə, İranın müdafiə naziri Əziz Nəsirzadə bunu erməni həmkarı Suren Papikyanla görüşün kənarında bildirib.

19 fevralda ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının iclasında çıxış edərək bildirib ki, İran razılaşması ilə bağlı aydınlıq növbəti 10 gün ərzində əldə edilə bilər. O, həmçinin xəbərdarlıq edib ki, Tehran İranın başına "çox pis şeylər" gələ bilər.

Nəsirzadə bildirib ki, "İran İslam Respublikası müharibə istəmir, amma ölkəyə müharibə məcbur edilərsə, özünü bütün gücü ilə müdafiə edəcək və düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək".

Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı danışıqlar fevralın 17-də Cenevrədə Omanın diplomatik nümayəndəliyində baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff rəhbərlik edib. Əraqçi danışıqları konstruktiv və ciddi adlandırıb. O bildirib ki, tərəflər işlərini razılaşmaya əsaslandıracaq əsas prinsiplər hazırlayıblar.

ABŞ-İran danışıqlarının növbəti mərhələsi fevralın 26-da Cenevrədə keçiriləcək.

İran belə bəyanatlar verməkdə nəyə arxayındı?

Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a “İran müdafiə nazirinin “unudulmaz dərs” ritorikası ilk növbədə asimmetrik çəkindirmə strategiyasına söykənir. Tehran yaxşı anlayır ki, klassik konvensional müharibə ssenarisində ABŞ-ın texnoloji və hava üstünlüyü açıq fərq yaradır”-deyə bildirdi.

Z.Ruslanqızının fikrincə, buna görə İran öz güvənini başqa komponentlər üzərində qurur: ballistik və qanadlı raket arsenalı, pilotsuz uçuş aparatları, sürətli katerlər və Hörmüz boğazında nəqliyyat xətlərini risk altına alma potensialı. “Məsələn, Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünün mühüm hissəsi daşınır və İran bu keçidi bağlamaq və ya təhlükəli zona elan etmək imkanına malik olduğunu dəfələrlə nümayiş etdirib. Bundan başqa, regionda ABŞ hərbi mövcudluğu – xüsusilə ABŞ Mərkəzi Komandanlığının nəzarət zonasına daxil olan bazalar İran raketlərinin çatım məsafəsindədir. Bu isə Tehrana “cavab zərbəsi qabiliyyəti” mesajı verməyə imkan yaradır.

Digər mühüm dayağı isə İranın regional şəbəkə modelidir. Tehran birbaşa toqquşmadan əlavə, dolayı təsir rıçaqlarına malikdir: Livanda Hizbullah, İraqda şiə silahlı qrupları, Yəməndə Husi kimi aktorlar vasitəsilə geniş coğrafiyada təzyiq yarada bilir. Bu struktur İranın strategiyasında “mərkəzdənqaçma eskalasiyası” rolunu oynayır: yəni münaqişə yalnız İran ərazisi ilə məhdudlaşmır, regional təhlükəsizlik arxitekturasını bütövlükdə risk altına alır. Tehran həm də hesab edir ki, Vaşinqton üçün uzunmüddətli və bahalı regional müharibə siyasi baxımdan arzuolunan deyil. Yəni İranın arxayınlığı hərbi üstünlükdən yox, qarşı tərəfin qərar qəbuletmə xərclərini artırmaq qabiliyyətindən qaynaqlanır”-deyə politoloq bildirdi.

İradə SARIYEVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr