AZ

Şamil Sabiroğlu: O dəhşətlərin şahidi olmuşuq

Bakı, 25 fevral, AZƏRTAC

Mən 1990-cı ilin yazında Xocalıya getmişdim. Məqsədimiz qurub-yaratmaq, tikinti və abadlıq işləri aparmaq idi. Həmin dövrdə Xocalıya şəhər statusu verilirdi. Lakin elə oldu ki, binaların tikintisinə başlansa da, Xocalının müdafiəsi arxa plana keçdi. O zaman mən “Səhər” gündəlik informasiya qəzetinin bölgə müxbiri idim. Dəfələrlə yazılarımda bildirirdim ki, Xocalıya kömək olunmasa, şəhər işğal ediləcək. Yazılarım kifayət qədər çox idi, materiallar bu gün də qalır və təsdiq olunur ki, o zaman bizim xəbərdarlıqlarımıza məhəl qoyulmadı. Beləcə, Xocalı işğal olundu.

Bunu AZƏRTAC-a açıqlamasında “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.

“Orada tanıdığım insanlar var idi. Bir müddət könüllü müəllim də işləmişdim. Tanıdığım insanların çoxu şəhid oldular. Belə bir vəziyyətdə insan hansı hissləri keçirə bilər? Çox çətin idi. “Səhər” qəzetinin bölgə müxbiri kimi fevralın 26-sı axşam Bakıya məlumat verdim. Verdiyim xəbərə inanmadılar. İnanmadılar ki, bu qədər insan həlak ola bilər. Sonradan həqiqət üzə çıxdı. Ən dəhşətlisi isə o idi ki, dinc əhaliyə aman verilməmişdi. Bu hadisələr mənim jurnalist həyatımda dərin iz buraxdı. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bir neçə jurnalistlə birlikdə Aranzəmin-Pircamal deyilən əraziyə getmişdik. Həmin istiqamətdə hərəkət edərkən güllələr atılırdı, həyatımız təhlükə altında idi. Biz ehtiyatla irəliləyirdik. Yanımızda olan bir ingilis reportyor daha çox kadr çəkməyə çalışırdı. Mən isə çalışırdım ki, insanları xilas edim. Azərbaycan vətəndaşı olaraq düşünürdüm ki, heç olmasa iki nəfəri belə xilas etmək mümkündürsə, buna çalışmaq lazımdır. Onun üçün isə əsas olan hadisənin kadrlarını əldə etmək idi. Biz o dəhşətlərin şahidi olmuşuq”, - deyə o vurğulayıb.

Şamil Sabiroğlu qeyd edib ki, o dövrdə bu hadisələrin mediada işıqlandırılmasında fəal iştirak edib: “Xocalı soyqırımının tanıdılması üçün əlimdən gələni əsirgəməmişəm. Şükürlər olsun ki, torpaqlarımız düşmən tapdağından azad edilib. Allah dövlətimizi, Ali Baş Komandanımızı, xalqımızı və şanlı Ordumuzu qorusun. Biz bu Qələbənin qədrini bilməliyik. Xocalı ilə bağlı film də çəkilib və bu gün təqdimatı keçirilib. Film işğal nəticəsində həm soyqırıma məruz qalmış, həm də şəhid vermiş bir ailənin taleyindən bəhs edir”.

 

Seçilən
22
1
azertag.az

2Mənbələr