Bakı, 25 fevral, Günel Alıyeva, AZƏRTAC
Belə tədbirlər və tamaşalar uşaqların və gənclərin tərbiyəsində, xüsusilə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.
Bunu AZƏRTAC-ın müxbirinə Əməkdar artist Azad Şükürov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə bir daha göstərdi ki, bu tarixi nailiyyətin əldə olunmasında gənclər xüsusi rol oynayıblar.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qələbəyə həsr olunan çıxışlarında da gənclərin bu prosesə verdiyi töhfələrini xüsusi vurğulayıb.
“Hərbi vətənpərvərlik ruhunda gənclərin tərbiyəsində ədəbiyyat və teatr mühüm yer tutur”, – deyə həmsöhbətimiz bildirib.
Azad Şükürovun sözlərinə görə, gənclərin iştirakı ilə hazırlanan tamaşalar, böyüməkdə olan nəslə ünvanlanan əsərlərin təbliği və səhnələşdirilməsi, eləcə də yeniyetmə ifaçıların belə tədbirlərdə fəal iştirakı milli-mənəvi dəyərlərə və Vətənə sadiq gəncliyin formalaşmasına mühüm töhfə verir.