Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, həlak olanlar azərbaycanlı uşaqlar, qadınlar və qocalar idi; dağıdılan, yerlə-yeksan edilən Azərbaycan şəhəri idi. Lakin bu faciə cinayət mahiyyəti etibarilə bəşəri cinayət kimi qiymətləndirilməlidir.
Heç şübhəsiz ki, "Xocalıya Ədalət" kampaniyası bu gün də davam etdirilməli, cinayətin gerçək səbəbkarları, o cümlədən pərdə arxasında qalan qüvvələr daha dərindən araşdırılmalı və mühakimə olunmalıdır. Bu cinayətin təşkilində və icrasında məsuliyyət daşıyanların adları tarixə həkk edilməlidir. Artıq otuz ildən çoxdur ki, 26 fevral faciəsi ilə bağlı erməni şovinizmi, terrorçu dəstələr və bilavasitə qətliamda iştirak edən şəxslər ittiham olunur. Bununla yanaşı, hadisələrin baş verdiyi dövrdə Xankəndidə yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyətinin də bu kütləvi qətliamda iştirakı barədə faktlar mövcuddur. Onlara əmrin haradan və kim tərəfindən verildiyi, dinc mülki əhaliyə qarşı belə bir vəhşiliyin törədilməsində hansı qüvvələrin rol oynadığı məsələləri yenidən və daha obyektiv şəkildə araşdırılmalıdır. Xüsusilə son dövrlərdə Bakıda mühakimə olunan şəxslərin məhkəmədə verdikləri könüllü ifadələr əsasında Xocalı qətliamının təşkili ilə bağlı yeni hüquqi qiymətləndirmə aparılması zərurəti yaranır. Bu məsələ ayrıca məhkəmə predmetinə çevrilməli, təkcə icraçıların deyil, həm də təşkilatçıların məsuliyyəti araşdırılmalıdır. Əmrlərin verilmə mexanizmi, təşkilati struktur və prosesin arxasında duran qüvvələr şahid ifadələri və mövcud faktlar əsasında obyektiv şəkildə qiymətləndirilməlidir. Belə bir məhkəmə qərarı qəbul edildikdən sonra cinayətin təşkilatçıları beynəlxalq axtarışa verilməli və onların beynəlxalq hüquq çərçivəsində mühakiməsinə nail olunmalıdır. Çünki bu, sadəcə bir şəhərə və ya bir xalqa qarşı deyil, insanlığa qarşı törədilmiş cinayətdir.
Ekspert qeyd edib ki, bu gün Xocalı yenidən qurulur, abadlaşır və əzəli sakinləri doğma yurdlarına qayıdırlar. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bu torpaqlar üzərində Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur. 26 fevral Xocalı qətliamı zamanı həlak olanlar azərbaycanlılar idi, lakin bu hadisə yalnız bir millətə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş qeyri-insani hərəkət idi. Söhbət dinc, əliyalın insanların qətlə yetirilməsindən gedir. Məqsəd təkcə bir şəhərin mülki əhalisini məhv etmək deyil, eyni zamanda bütöv bir millətə gözdağı vermək, qorxu və vahimə yaratmaq, onu öz əzəli torpaqlarından didərgin salmaq idi.
"Bu gün isə biz təkcə 26 fevralı hüzn və ehtiramla yad etmirik. Eyni zamanda Xocalının yenidən dirçəldiyi, əzəli sakinləri ilə birlikdə firavan və möhtəşəm şəhərə çevrildiyi günləri də qeyd edirik. Tarixi yaddaşı qorumaqla yanaşı, ədalətin bərpası uğrunda mübarizəni davam etdirmək hər birimizin mənəvi borcudur", - deyə Taleh Əliyev vurğulayıb.