AZ

Suraxanı sakinləri 20 ildir FƏRYAD EDİR: İcra hakimiyyəti vətəndaşların müraciətinə niyə baxmır?

Paytaxtın bir sıra ərazilərində infrastruktur problemləri hələ də mövcuddur və aidiyyatı strukturlar bunu görməzdən gəlirlər.

Xüsusilə, yaşayış massivlərində yolların uzun illər təmir olunmaması sakinlərin gündəlik həyatını çətinləşdirən əsas problemlərdən biri kimi göstərilir.

Belə problemlərdən biri də Suraxanı rayonu ərazisində yaşanır və sakinlərin gündəlik yaşamına mənfi təsir göstərir

Belə ki, KONKRET.az-a Suraxanı rayon sakini Məmmədov Nazim tərəfindən ciddi narazılıq doğuran yol problemi ilə bağlı şikayət daxil olub.

Şikayətdə bildirilir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində, Əfsun Şadlıq sarayının arxa hissəsində yerləşən Atamoğlan Rzayev küçəsində yol artıq illərdir bərbad vəziyyətdə qalır və məsələ ilə bağlı edilən çoxsaylı müraciətlərə baxmayaraq heç bir tədbir görülmür.

Sakinlərin sözlərinə görə, küçədə yol infrastrukturu faktiki olaraq sıradan çıxıb:

“20 ildir bu yol eyni vəziyyətdədir. Yağış yağan kimi ərazi palçıq bataqlığına çevrilir, nə piyadalar rahat hərəkət edə bilir, nə də avtomobillər. Dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə kollektiv şəkildə müraciət etmişik, lakin müraciətlərimizə məhəl qoyan yoxdur”, – deyə şikayətdə vurğulanır.

Sakinlər bildirirlər ki, paytaxt ərazisində yerləşən yaşayış massivində yolun bu qədər uzun müddət baxımsız qalması ciddi narazılıq yaradır və məsul qurumların laqeyd münasibətindən xəbər verir. İcra Hakimiyyətinin başçısı Adil Əliyevin də töhmət alması görünür bu cür problemlərə göstərilən laqeyd münasibətlə bağlıdır.

Üstəlik, adıçəkilən qurum media tərəfindən edilən müraciətə də reaksiya vermir.

Belə ki, məsələ ilə bağlı KONKRET.az tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlansa da, qurum sorğunu cavabsız qoyub.

Sakinlər aidiyyəti qurumları problemi nəhayət diqqətə almağa və illərdir davam edən yol problemini aradan qaldırmağa çağırırlar. Ümid edirik ki, problem işıqlandırıldıqdan sonra aidiyyatı qurum reaksiya verəcək və sakinlərin yol problemi həllini tapacaq. Axı yol həm də bir mədəniyyətdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
13
1
konkret.az

2Mənbələr