AZ

Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin icrası Naxçıvanda fəaliyyət prioritetidir

Cənab Prezidentin Naxçıvana, iqtisadi bölgənin perspektiv inkişafına yüksək diqqət və münasibəti, Naxçıvan əhalisinin, Muxtar Respublika rəhbərliyinin də qarşısında mühüm vəzifələr, təxirəsalınmaz öhdəliklər müəyyənləşdirir.

Ötən ilin 12 noyabrında cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini qəbul edərkən bu vəzifələri diqqətə çatdırdı, Naxçıvanın inkişafı ilə bağlı konkret tapşırıqlarını verdi. Bu görüş həm rəhbərlikdə dəyişikliklərin əhəmiyyətini, həm də dövlətin regionlarda davamlı inkişaf siyasətini nümayiş etdirdi. Prezident çıxışında ölkəmizin sosial-iqtisadi uğurlarına, bölgələrdə həyata keçirilən layihələrə və strateji hədəflərə geniş toxundu. Dövlət başçısı qeyd etdi ki, əsas prioritet bölgələrdə sabitliyin qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Prezident İlham Əliyev vurğuladı ki, rəhbərlikdə şəffaflıq, ədalət və xalqın rifahı hər zaman ön planda olmalıdır.

Dövlət başçımızın qarşıya qoyduğu hədəflər, müəyyənləşdirdiyi vəzifələr və bütün bunların məsuliyyəti Naxçıvanda düzgün, aydın, birmənalı dərk edilir. Onların yerinə yetirilməsi Naxçıvan rəhbərliyi tərəfindən prioritet vəzifə kimi qəbul olunur, bu fəaliyyət müvafiq işçi qrupları yaradılmaqla, effektiv icra və operativ nəzarət mexanizmi formalaşdırılmaqla adekvat şəkildə qurulur, nəticə etibarilə iqtisadi region möhtərəm Prezidentimizin müəyyən etdiyi istiqamətdə uğurla irəliləyir.

Naxçıvan illərdir ki, dövlətimizin başçısının diqqət mərkəzindədir. Naxçıvanın inkişafı ilə bağlı imzalanan sənədlər, qəbul edilən Dövlət Proqramları bunu deməyə əsas verir. Ümumilikdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin arzularının diyarıdır. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm özəl biznes, həm kənd təsərrüfatı dirçəldiləcək, ticarət, logistika, turizm sektorlarında böyük canlanma yaradacaq. Zəngəzur dəhlizi Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi izolyasiyanın sonu olacaq.

Qarabağ və Şərqi Zəngəzura azadlıq bəxş edən Müzəffər Ali Baş Komandan Naxçıvanı da son onilliklər ərzində alınmaz, məğrur qala kimi möhkəmləndirib. Lakin dünyanın ən böyük fövqəldövləti ilə strateji tərəfdaşlığın təhlükəsizlik prioritetləri sırasında olan məqamlar xüsusən, Naxçıvan kimi həssas bölgədə yerləşən ərazilərimiz üçün əlavə təminat yaradır. Hər iki dövlətlə yanaşı beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verəcək yeni münasibətlərdə təhlükəsizlik əməkdaşlığınınəhatə dairəsinin genişləndirilməsi məramı şübhəsiz ki, cənab Prezidentin Naxçıvan və digər geohəssas ərazilərimizin daha etibarlı müdafiəsinə yönələn siyasətidir.

Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha sıx inteqrasiyasını əsas məqsədlər sırasında elan edən Strateji Xartiyanın bu maddəsinin reallaşmasında mühüm sərhəd və tranzit bölgəsi kimi Naxçıvanın önəmi diqqəti xüsusi çəkir və qeyd etdiyimiz Dövlət Proqramının mahiyyətcə vacib təminatı kimi səciyyələnir. Enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsində Azərbaycanın mövqeyinin güclənməsində əlbəttə ki, bu sahələrdə yetərincə təcrübə toplamağa müvəffəq olan Naxçıvanın da xüsusi töhfəsi olacaq.

 Regional bağlantılar, iqtisadi sərmayə və prosesə özəl sektorlarının cəlb edilməsi sahələrində əməkdaşlıq sferasında Naxçıvan həm bu tərəfdaşlığa fayda verəcək, həm də özü faydalanaraq, cənab Prezidentin regionların inkişafında yerli təşəbbüslərin vacibliyi çağırışını reallaşdırmış olacaq. 

Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Xartiyada təsbit edilmiş quru və hava nəqliyyatı infrastrukturunun inkişafı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika kimi müddəalar əlbəttə ki, daha çox məhz Naxçıvan məzmunludur. Regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi olacaq Zəngəzur dəhlizi – TRIPP Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısını təmin edəcək. Ən əsası isə Naxçıvanın Avrasiyanın mühüm qovşağına çevrilməklə bağlı cənab Prezidentin strateji hədəfinin gerçəkləşməsinə əsaslı şərait yaradacaq.

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədr müavini

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr