AZ

Buğda daşınması və ticarət addımları Bakının özünə inamını göstərir - Fuat Oktay

BAKI, TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla əldə olunmuş razılaşmaların mərhələli icrasına hələ planlaşdırılan sülh sazişi rəsmi şəkildə imzalanmadan və hüquqi öhdəliklər qüvvəyə minmədən başlayıb. Oktay bu addımı olduqca əhəmiyyətli adlandıraraq qeyd edib ki, bu, rəsmi Bakının prosesə konstruktiv və məsuliyyətli yanaşmasını nümayiş etdirir.

Komitə sədri vurğulayıb ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi birbaşa Azərbaycan–Ermənistan nizamlanmasının gedişindən asılıdır. Onun sözlərinə görə, hər iki istiqamətdə aparılan danışıqlar paralel və uzlaşdırılmış şəkildə davam etdirilir.

Fuat Oktay əlavə edib ki, Türkiyə regionda proseslərin sürətlənəcəyinə ümid edir. “İstəyirik ki, regional gündəlik qarşıdurma üzərində deyil, sülh, rifah və inkişaf prinsipləri əsasında qurulsun. Növbəti mərhələdə diqqətimizi daha çox gələcəyin gündəliyinin formalaşdırılmasına yönəltmək niyyətindəyik”, – deyə o bildirib.

Seçilən
14
turkic.world

1Mənbələr