AZ

Masallıda bölgə sakinlərinin aqrar sahə ilə bağlı müraciətləri dinlənilib

Bakı, 25 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov fevralın 25-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Masallı, Lerik, Astara, Cəlilabad və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya məsələləri, güzəştli şərtlərlə kredit verilməsi, aqrar sığorta, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra Fərid Nəcəfov DAİM-in kollektivi ilə görüşərək, iş prosesinin təşkili ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Seçilən
1
5
azertag.az

6Mənbələr