AZ

Yumruq boyda ürəyin problemləri və insan orqanizminə gətirdiyi fəsadlar

(Portret cizgiləri)

 

Vəfa xanım Əliyeva: “Mən onu vurğulamaq istəyirəm ki, tibb aləmində həkim düşünən beyindir.
Amma bu işin icraçıları, sağ və sol əllərimiz tibb bacılarıdır”.

 

Vəfa xanım Əliyeva bu gün təkcə Sumqayıtda yox, respublikada ən peşəkar kardioloq-həkimlərdən biridir. Bunu təkcə mən demirəm, ona müraciət edən  bütün xəstələr, onların yaxınları da belə deyir. Təkcə xəstələr, onların yaxınları yox, işlədiyi 1 nömrəli Sumqayıt  şəhər Xəstəxanasının da bütün işçiləri və rəhbərlik etdiyi kardiologiya şöbəsində çalışanlar da onun haqqında həmişə yaxşı, səmimi fikirdə olublar.

Mən bir müddət idi ki, onunla bağlı bir yazı yazmaq və Vəfa həkimi respublika oxucularına daha yaxından tanıtmaq istəyirdim, amma o, çox təvazökar olduğundan razılıq vermirdi. Axır ki,  onu öz inadından döndərib, Vəfa həkim Əliyeva ilə bu müsahibəni-portret cizgilərini hazırladım. İlk öncə  ona çox sevindim ki, belə savadlı hakimin maraqlı tövsiyyələrini, fikirlərini, məsləhətlərini oxuculara çatdıra bildim. Çünki gəlin danmayaq ki, bu gün səhiyyə sahəsində və onun təbliğatında boşluqlar çoxdur. Yəni insanlarımızın tibbi biliklərdən, tibbi  maarifdən məlumatı çox azdır. Amma əslində tibb sahəsi haqqında həddindən artıq çox yazılmalı və hər bir oxucu yeri gələndə bütün bunları oxumaqla özlərinin həkimləri olmalıdırlar. Çünki dünyanın ən aparıcı ölkələrində belədir. Azərbaycanda da səhiyyə sahəsinə dövlət tərəfindən kifayət qədər xərc çəkilir, amma onun təbliğatı, səhiyyə maarifi aşağı səviyyədədir. Bu sahədə işləri də biz yazarlar etməliyik və həkimlərimiz haqqında tez-tez yazmalı, onların maraqlı fikirlərinin oxuculara çatdırılmasına çalışmalıyıq. Bəlkə bu yolla tibbi maarifi artıra  bilərik. İlk öncə Vəfa həkim haqqında çoxminli oxucularımıza qısa məlumat vermək istəyirəm.

Qısa arayış: O, 1981-ci ilin aprel ayının 14-də anadan olub. Atası, məşhur tarixçi  Zəbərxan  müəllim əslən Masallıdandır.  Uzun illər Bakı Dövlət Universitetinin professoru və tələbələrin sevimli müəllimi olub. Anası Tinatin müəllimə də Ağstafada  anadan olub və uzun illər Sumqayıtdakı məktəblərdə  riyaziyyatdan dərs deyib. Riyaziyyət sahəsində çox savadlı şagirdlər yetişdirib. Vəfa həkim deyir ki, “mən müəllim ailəsində anadan olmağımla fəxr edirəm. Hətta məndən əvvəlki şöbə müdirimiz olan, çox savadlı, yüksək peşəkar həkim Cabir həkim mənə həmişə müəllim qızı deyib. Mən də bununla qürrəlanmışam ki, müəllim çörəyi ilə böyümüşəm”. Beləliklə, Vəfa həkim Sumqayıtda doğulub və burada böyüyüb. Sumqayıt şəhərini də bütün şəhərlərin tacı hesab edir. O, 1997-2003- cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə internaturanı Azərbaycan Respublikasının  Cahangir Abdullayev adına  Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçib. 2004-cü ilin avqust ayından artıq Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada kardiologiya şöbəsində həkim-kardioloq kimi əmək fəaliyyətinə başlayıb. İyirmi il  bu şöbədə həkim kimi şalışdıqdan sonra, 2024-cü ildən bu şöbənin müdiri kimi öz işini davam etdirir. Əslində Vəfa həkim öz  işini bir həkim kimi davam etdirməyi daha üstün tuturdu. Amma 2024-cü ildən Sumqayıt Səhiyyə  Şöbəsinə çox istedadlı, təcrübəli kardioloq-həkim, səhiyyə sahəsində böyük təşkilatı işlərə imza atan, respublikada ən sonuncu yerlərdən birini tutan Cəlilabadın səhiyyəsini məmləkətimizdə yüksək səviyyəyə qaldıran Elnur həkim  Azadxanov təyin olunandan sonra o, Sumqayıt Səhiyyəsində də çoxlu lazımlı, layiqli dəyişikliklər edib, bacarıqlı, yaxşı təşkilatçı, savadlı həkimləri vəzifələrə gətirdi. Elnur həkimin təkidi ilə Vəfa xanım Əliyeva da kardiologiya şöbəsinə müdir təyin olundu. Vəfa həkim az bir vaxtda Elnur həkimin bütün ümidlərini doğrultdu və bu şöbədə çoxlu istalahatlar apardı. Əsl peşəkar həkim-kardioloqlara lazım olan bütün şəraitləri yaratdı. Xəstələrə diqqət daha çox artdı. Və xəstələr bura böyük həvəslə, Vəfa həkimi ümid qapısı bilməklə daha həvəslə gəlməyə başladılar.  Mən özüm də, yaxınlarım da  ürək xəstəsi olduğumuza görə tez-tez bu şöbəyə müraciət edirik və həmişə də Vəfa həkimin mehrubanlığını, böyük diqqətini görürük. Mənə elə gəlir ki, Vəfa həkim elə səhiyyə sahəsində çalışmaq, insanlara şəfa vermək üçün doğulub. Yəni Ulu Yaradan ona doğulanda özünün Yer üzərində elçisi olan müqəddəs həkimlik kodunu verib. Çünki apardığım müsahibədə də, ondan aldığım cavablarda da mən bunu gördüm, hiss etdim, duydum. Ona ilk öncə bu sualla müraciət etdim.

-Vəfa həkim, bu gün dünyada ən çox  insan ölümü infarkt  və xərçəng  xəstəlikləri sayəsində olur. Bunun əsas səbəbi nədir? Niyə bu iki sahə insan ölümünə görə dünyada əsas göstəricidir?

-Əslində infarkt təkcə bu gün yox, hər zaman ölüm sahəsində birinci yerdə  olub. Belə ki, qəfləti ölümlər, infarktdan ölmək son iki əsrdə streslə bağlı aktiv olub və birinci yerdə durur. Amma son vaxtlar xərçəng xəstəliyi də ölüm sahəsində  ikinci yerdə durur. Əfsuslar olsun ki, yenə də biricilik ürək xəstəliyi ilə bağlı ölümdür. Ürək xəstəliyində də ən çox qəfləti ölümlər daha çoxdur. Digər tərəfdən də infarktın özü ciddi ağırlaşmaları, erkən və gecikmiş ağrıları olan xəstəlikdir. Bu ağırlaşmaların da ilk üçlüyü- kardiogen şokudur, ani ölümdür,  mədəcik fibirilyasiyası, ağ ciyər ödemi və letal sonluqla nəticələn ağırlaşmalardır. Son vaxtlar biz bunlarla çox tez-tez rastlaşırıq. Ən dəhşətli şey budur ki, son vaxtlar infarktın  gəncləşməsi baş verir. Yəni çox vaxt gənc insanlar infarkt olurlar. Mənə elə gəlir ki, bunun da əsas səbəbi insanların hərəkət etməyi sevməmələridir. Yediyimiz qidalarda zərərli yağları daha çox qəbul etməyimiz və bu yağların da bizim maddidələr mübadiləmizi pozması və beləliklə də damarlarımız, əzasən də tac damarımızın sıradan çıxması sayəsində olur. Bu damarların da tıxanması nəticəsində infarkt baş verir. Yuxarıda dediyim kimi bu xəstəlik gənclərədə də son vaxtlar çoxalıb. Bu da enerji içkilərinin sayəsində  xəstəliyi artırır. Bir  da yanlış qidalanma və hərəkətin azlığı -hipodinamiya nəticəsində olur. Ürək xəstəliklərinin  koviddən sonra  çoxalmasını da dünya alimləri sübut ediblər ki, bu xəstəlikdən sonra damarların daxili qişasının  iltihablanması çox sürətlənib. Əfsuslar olsun ki, bu da kovidin bizə qoyduğu “yadigardır”. Ona görə də mənim insanlara ən böyük tövsiyyəm budur ki, əgər istəmirlər ki, infarkt olsunlar, ilk öncə zərərli vərşilərdən uzaq olmalıdırlar. Çox hərəkət etməlidirlər və yedikləri yeməklərə daha çox fikir verməlidirlər. Ən əsası isə heç olmasa ildə iki dəfə əsaslı formada həkim müayinsindən keçməlidirlər. Belə olanda elə bil hər insan özünün həkimi olur və orqanizmindəki zəif yerləri görür. Bununla dağlı tez həkimə müraciət edir.

-Deməli, belə bir nəticəyə gələ bilərik ki, kovid xəstəliyini bilərəkdən yaratmaqla və bu yolla daha çox insanları öldürə bilmədilərsə, bu xəstəliyin fəsadlarını insanların orqanizminə  yeritməklə, heç olmasa ayrı-ayrı xəstəliklərlə onları haqq dünyasına daha tez aparsınlar. Elədirmi?

- Düzü mən bunun bu dərəcədə dərinliyini bilmirəm, amma şübhələrim də çoxdur ki, koviddən sonra xəstəliklər daha çox  artıb. Belə ki, koviddən sonra insanların orqanizmində  ağırlaşmalar özünü daha çox göstərir. Bunların da qarşısını almaq elə də asan deyil. Yəni həkimlər də koviddən sonrakı ağırlaşmaların qarşısını almaqda çox acizdirlər.

-İnfarktan qaçmaq, yəni infarkt olmamaq üçün insanlar nə  etməlidirlər? Öz sağlamlıqlarını necə qorumalıdırlar? Bu haqda bir həkim kimi sizin hansı fikirləriniz, məsləhətləriniz var?

-  Maraqlı sualdır. Gəlin ilk öncə risk faktorlarından başlayaq. Bizim bir professorumuz vardı və onun dediyi sözləri  mənim yaddaşımda qalmaqla, qulağımda sırğadır: “ Ən yaxşı müalicə profilaktikadır. Əgər xəstəni yaxşı müalicə etmək istəyirsinizsə ona həmin xəstəliklərdən uzaq olmağın yollarını, prafilkatikasını öyrədin”.  Profilaktika da başlayır risk faktorlarından uzaq durmaqla. Risk  faktorları ilk öncə  siqaret çəkməkdir. Spirtli içkilər içməkdir. Bu, kişilərimizə daha çox aiddir. Tütün birbaşa damarın daxili təbəqəsini zəhərləyən əsas faktorlardan  biridir. Ona görə də əgər sağlam olmaq istəyiriksə  siqaret çəkməməliyik. Spirtli içkidən uzaq olmalıyıq. İkinci qidalanma rejiminə çox diqqət etməliyik. Bu ən çox fasfod yeməklərində olur. Deməli, hökmən fasfod  yeməklərini  məhdudlaşdırmaq lazımdır. Qida rasionunda xeyirli yağlar, əsasən də bitki yağlarına üstünlük vermək, heyvani yağlarından daha az istifadə etmək lazımdır. İstifadə etdiyimiz yeməklərin də yağa çevrilməməsi üçün az yeməli və bu yağların da bədəndə çox toplanmaması  üçün ən mühüm şərtlərdən biri də yeməkdən sonra hərəkət etmək çox vacibdir.

Ümumiyyətlə, yaponlar deyir ki, “az hərəkət etmək özü bir xəstəlikdir. İnsan orqanizminin ilk və vacib dərmanı da hərəkətdir”. Hələ keçən əsrdə belə bir məlumat vermişdilər ki, “atereskleroz  XXI  ərin ən böyük bəlasına çevriləcək. Çünki bu əsrdə hər şey o qədər asanlaşacaq ki, televizorları da insanlar elə yerlərində  oturmaqla əldəki düymə ilə idarə edəcəklər. İnsanlar saatalarla uzanıb, əllərindəki mobil telefonda nələrəsə baxacaqlar. Həm də insanlar ən çox avtomobillərlə  gəzməyə üstünlük verəcəklər. Yəni hipodinamiya XXI əsrin bəlası olacaq”. Artıq insanlar bunu gördükcə, çoxlu xəstəliklərlə üz-üzə qaldıqca, indi-indi yürüşlərə  başlayırlar, trinajor zallarına gedirlər. Hətta yadımdadır ki, bu əsrin əvvəlində belə bir deyim vardı: “Vərəm kasıbın, atereskleroz  varlının xəstəliyidir”. Yəni çox yeyib az hərəkət eləyən adamlar, hər cürə şəraiti olan adamlar olur və daha çox xəstəliyə də məhz onlar tutulur”. Hətta Böyük Britaniyada alimlər sübut ediblər ki, evində pişik və it saxlayan adamlar arasında it saxlayanların ateresklerozu gec başlayır. Səbəb də budur ki, həmin adamlar məcburən itləri gəzintiyə çıxarırlar və özlərindən asılı olmayaraq çox hərəkət edirlər.

-Siz Sumqayıt  şəhərindəki 1 nömrəli xəstəxananın kardiologiya şöbəsinin rəhbərisiniz. Bu şöbə xəstəxananın ən əsas şöbəsi və döyüyən ürəyidir. Xəstələrin müalicəsi üçün hansı əsas işləri görürsünüz?

- Bizim xəstəxana mən işə qəbul olunduğum gündən və hətta ondan da daha çox əvvəl Sumqayıt, Sumqayıta yaxın Bakı kəndləri və Azərbaycanın Şimal bölgəsində olan həmvətənlərimiz üçün kəskin koranar, yəni ürək xəstəlikləri üçün, infarktlar, infarkt öncəsi, hətta  xroniki xəstəliklərin terminal mərhələsində Təcili Yardımın tanıdığı tək ünvan olub. Bu gün də bu iş davam eləyir. Çünki ürək xəstəlikləri həmişə  bura  yönləndirilib. Həm də bizim xəstəxananın yerləşmə ərazisi də hamı üçün tez əlçatan yerdir. Çünki 1 nömrəli xəstəxana Sumqayıt şəhərinin tam ortasında, mərkəzində yerləşir. Artıq iki ildir ki, burada işlər daha intensiz gedir. Belə ki, biz əvvəllər xəstələri anju etmək üçün Bakıya yönləndirirdik. Amma iki ildir ki, Sumqayıt Hospitalda və artıq Ubikal Hospitalda da xəstələr anju oluna bilir. Yəni invaziv müayinə olunurlar. El arasında da buna invazir müdaxilə, yəni damardaxili müayinə, anju deyirlər. Bizim xəstəxanada koranar  angioqrafiya xidmətimiz  var. Və xəstələrin erkən saatlarda, ilk qızıl standartlarda altı-yeddi saat müddətində ürək tutmasının, infarktın ilk başlanması vaxtında artıq anju olunub, stent qoyulması, ya da əməliyyata aparılması arasında dövlət və özəl xəstəxanalar arasında sıx körpü yaratmışıq. Ona görə də qətiyyətlə deyə bilərəm ki, əhalinin sağlamlığı yolunda bir neçə pillə irəli getmişik. Digər tərəfdən də mən vurğulamaq istəyirəm bizim poliklinika və stosionarın sinxronik, birlikdə sıx  işləmələrini.  Bu yaxınlarda illik təqdimatla bağlı  Sumqayıt  Səhiyyə  Şöbəsində hesabatlar oldu. Və orada məndən son bir ildə niyə xəstələrin az olması soruşuldu. Mən də vurğuladım ki, biz poliklinika ilə daha sıx birlikdə işləyirik. Belə ki, poliklinikada xəstələrin normal dispanserizasiyası aparılırsa, onlara lazım olan kimi yüksək xidmət göstərilirsə, onlar üzərində dinamik izləmlər lazım olan səviyyədə aparlırsa, intensiv izləmlər qaydasında gedirsə, bu yolla xəstələr sağalırsa, onda onlar stosionara az müraciət edirlər. Bu özü elə Sumqayıt Səhiyyəsi üçün çox böyük göstəricidir. Çünki Sumqayıt Səhiyyə Şöbəsinin müdiri cənab Elnur Azadxanov özü peşəkar həkim-kardioloqdur. Respublikada bu sahənin ən yaxşı bilicilərindən biridir. Xəstəxana ilə poliklinika arasında bu müştərk işi də məhz o qurub və bu da özünün müsbət nəticələrini verir.

-Sizin şöbə bu xəstəxananın döyünən ürəyidir  desək daha düzgün olar. Burada çalışan həkimlər, tibb bacıları, hətta xidmətçilər xəstələrə çox böyük diqqətlə yanaşırlar. Mən özüm və yaxınlarım da burada müalicə olunanda bunun tam şahidi olmuşuq. Onlar haqqında nə deyə bilərsiniz?

-Bizim şöbədə kifayət qədər təcrübəsi olan həkimlərimiz çox olub və bu gün də onlar çoxdur. Onlardan əlavə cavan həkimlərimiz də var. Sevindirici haldır ki, köhnə kadrlarımız yeni tələblərlə də yaxşı ayaqlaşırlar və  öz təcrübələrini, biliklərini cavan həkimlərlə böyük həvəslə  bölüşürlər. Bizim şöbədə məndən əlavə on dörd kardioloq-həkim var. Onlardan dördü  sırf  poliklink  xidməti, digərləri  isə kardioloji xidməti dəstəkləyirlər. Amma biz bir komanda kimi işləyirik. Bunu xəstələr özləri də görürlər. Bizdə xəstələr arasında heç vaxt ayrı-seçkilik olmayıb. Hamısına öz əzizlərimiz, doğmalarımız kimi baxırıq.  Amma bizim şöbədə elə həkimlər var ki, mən onların adlarını çəkməyə bilmərəm. Bunlar- Sevinc xanım Əliyeva, Cabir həkim Məcidovdur. Dahi Üzeyir Hacıbəyov deyən kimi “hər ikisi min cavana dəyərlər”. Hər ikisinin çox dərin cavadı, böyük təcrübəsi var. Cabir həkim uzun illər bizim şöbə müdiri olub və mənim, eləcə də başqa həkimlərin də yetişməsində xidməti çoxdur. Şahverdi həkim Verdiyev sonralar kollektivimizə qoşulsa da az bir vaxtda böyük hörmət qazanıb. Onun bir neçə sahədə təcrübəsi var. Həmçinin təcili yardımda,  hərbi həkimlik sahəsində təcrübəsi çoxdur. Biz bunlardan da yararlanırıq. Xəstələrlə sorğu-sualda və başqa sahələrdə bizə yardımçı olur. Eləcə də şəhər üzrə keçirilən kardioloji məşvərətlərin, məsləhətləşmələrin  hamısını biz aparırıq. Və digər xəstəxanalarda da kardiologiya ilə bağlı məsləhətlər almaq istəyəndə bizə müraciət edirlər. Bütün bunların da öhdəsindən Şahverdi həkim yaxşı  gəlir. Lətafət xanım Orucova çox yüksək savadı və təcrübəsi olan həkimimizdir. Aida xanım  Məmmədova məndən əvvəl gələn və çox təcrübəli, savadlı həkimdir. Xəstələr Lətafət həkimdən, Aida həkimdən çox razıdırlar. Bizim şöbədə işləyən və Təcili Tibbi Yardımdan bizə gələn Vüsalə xanım Mikayılova da öz işinin yaxşı mütəxəssisdir. Gülbəniz  xanım Xəlilova Dəmiryolu xəstəxanasından bizə işləməyə gəlib. Ayaz həkim Əliyev yüksək təcrübəli, bacarıqlı həkimdir. Onun sayəsində  exo kardioqramma yüksək səviyyədə  çəkilir. O, öz peşəsinin respublikada ən yaxşı həkimlərdindən biridir. Yaxşı təcrübəli həkimdir. Bu xəstəxananın bütün stasionar müayinəsi məhz ondadır. Belə ki, xəstəxanamıza gələn bütün xəstələrin xəstəliklərindən asılı olmayaraq, exokardioqrammasını məhz Ayaz həkim aparır. Ayaz həkim spesifik stasionar həkimin bildiyi, bacardığı bütün təcrübələrə sahibdir. Yeni həkimlərimiz Təranə xanım Sultanova, Fidan xanım Allahyarova bizə rezidenturadan sonra gəliblər. Tibb bacılarımız və xidmətçilərimiz də birlikdə çox yaxşı  buketdirlər. Hamısı öz işinin yaxşı mütəxəssiləridirlər. Mən onu vurğulayıram ki, tibb aləmində həkim düşünən beyindir. Amma bu işin icraçıları, sağ və sol əllərimiz tibb bacılarıdır. Hətta xəstənin  ağır vəziyyətində, elektroşok verəndə də yanımızda, bizə dəstək verənlər də məhz tibb bacıları olurlar.

-Sumqayıt səhiyyəsi  əvvəllər də respublikanın ən aparıcı səhiyyə şöbələrindən biri olub. Amma son illər ona böyük uğurla rəhbərlik edən, çox peşəkar həkim, yüksək təşkilatçı insan, dəyərli ziyalı Elnur həkim Azadxanovun sayəsində  respublikanın əsas səhiyyə ocağlarından birinə çevrilib. Bu, çox sevindirici haldır. Biz sumqayıtlılar buna sevinirik. Bu haqda siz nə deyə bilərsiniz?

-Mən doktor Elnur  Azadxanovu hələ  Azərbaycan Kardioloji Cəmiyyətindən tanıyıram. O, Kardiologiya Cəmiyyətinin illik hesabatlarında çıxış edib, özünün təcrübələri haqqında çox peşəkar səviyyədə danışırdı. Onun çıxışları da maraqla dinlənilirdi. Sonra  onu Cəlilabad  rayonunun Səhiyyə  Şöbəsinin müdiri göndərdiər. Bu Səhiyyə Şöbəsi respublikanın ən geri qalmış şöbələrindən biri idi. Elnur həkim az bir vaxtda orada çox böyük işlər gördü. Bu geri qalmış şöbəni respublikanın ən aparıcı şöbələrindən birinə çevirdi.  Hətta onun sayəsində Cəlilabad səhiyyəsi Cənub  bölgəsinin ən aparıcı səhiyyə  ocağı oldu. Qonşu rayonlardan da xəstələr daha Bakıya gəlmirdilər və müayinə, müalicə olunmaq üçün məhz Cəlilabada gedirdilər. Əsasən də orada Elnur həkimin vaxtında kardiologiya daha çox inkişaf etdi. Mən əslən Masallıdan olduğuma görə eşidirdim ki, qohumlarımız müayinə, müalicə olunmaq üçün Bakıya, Sumqayıta gəlmirdilər, məhz  Cəlilabada gedirdilər. Hərdən mən də ona zəng vurub, öz qohumlarımın müayinəsi, müalicəsi üçün Elnur həkimdən xahişlər edirdim. Elnur həkim Azadxanov  Sumqayıt Səhiyyə Şöbəsinin müdiri gləndə mən daha çox sevindim. Və bildim ki, burada kardiologiya sahəsində işlər daha yaxşı gedəcək. Çünki Elnur həkim bizə daha yaxşı dəstək olacaq. Elə də oldu. Cəlilabadda necə böyük işlər görürdüsə, bu üç ildə də burada böyük işlər görməyə başladı. Sumqayıtda işə başladığı ilk günlərdə, şəhərin bütün kardioloqlarını  ayrıca yığıb söhbət edirdi. Həmin toplantıda belə bir maraqlı fikir dedi: “Mən zamanla ayaqlaşan həkimlərlə işləmək istəyirəm. Və zamana uyğun tibb mərkəzi qurmaq fikirindəyəm”. Əlbəttə, zamanın tələbləri deyəndə Elnur həkim Avropa, Amerika, dünya  praktikasının tələblərini nəzərdə tuturdu. Bununla bağlı qarşımıza ciddi göstərişlər, tələblər qoydu. Biz də bunlara bacardığımız qədər əməl eləməyə çalışdıq. Hətta Elnur həkimdən  və onun kömkçilərindən də yaxşı dəstəklər aldıq. Respublika üzrə son iki ilin hesabatlarında da vurğulanır ki, Sumqayıt Səhiyyəsi ölkədə ilk üç yerlərdən birində dayanır. Bu da respublikada  çox  böyük göstəricidir. Bu işində başında məhz  Elnur həkim Azadxanov kimi böyük, savadlı  mütəxəssis  dayanır.

-Bu gün Azərbaycan səhiyyəsində çoxlu cavan həkimlər çalışır. Belə həkimlər sizin şöbədə də işləyir. Onların işləri haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı.

-Birincisi sevindirici haldır ki, bizim şöbəyə gələnlər öz işlərinə- həm işləməyə, həm də yeniliklərə  həvəslidirlər. Qoyulan tələblərə uyğunlaşırlar. Həqiqətən də əllərindən gələni edirlər ki, müsbət nəticə alsınlar. Onlardan biri görüntülər üzrə mütəxəssis olmaq istəyir. O birisi isə xəstə ilə işləməyi, onu müalicə etməyi əsas götürür. Mən onlara lazım olan şərait yaradıram. Həm də onların müsbət enerjisini bəyənirəm. Nə deyiriksə onu həvəslə icra eləyirlər. Buna görə də mən özümü şanslı şöbə müdiri hesab edirəm.

-Siz uzun illərdir ki, səhiyyə sahəsində çalışırsızınız. Həkimlik sahəsində böyük təcrübəniz var. Həm də mən bilirəm ki, müasir səhiyyə haqqında çoxlu kitablar, jurnallar oxuyursunuz. İnternet kanallarına baxıb, oradan çoxlu məlumatlar toplayırsınız. Yəni dünya səhiyyəsindən yaxşı xəbəriniz var. Xəstələr də deyir ki, Vəfa həkim özünün danışığı, düşüncəsi və bizə münasibət ilə  əsl həkim-təbibdir. Ona görə də tibb sahəsində böyük təcrübəsi olan həkim kimi Azərbaycan səhiyyəsinin bugünkü durumu haqqında nə deyə bilərsiniz?

-Azərbaycan səhiyyəsi inkişaf etməkdə olan səhiyyədir. Və həqiqətən də çox yaxşı kadrlarımız var. Bir  az  zaman məsələsi var. Belə ki, istəklərimizlə təchizatımız uyğunlaşmalıdır. İnanıram ki, Azərbaycan səhiyyəsi tezliklə çox inkişaf edəcək. Çünki çox savadlı, dünya səhiyyəsi səviyyəsində olan həkimlərimiz var. Son iki-üç  ildə icbari tibbi sığorta da daha çox inkişaf  edib. Görün tibbi sığortadan insanlarımız  necə yüksək səviyyədə yararlanırlar. Elə götürək bizim kardiologiyanı. Son illərdə bu sahə daha çox inkişaf edib. Görün ürəklə bağlı necə çətin cərrahiyyə əməliyyatları aparılır. Hətta xaricdən Azərbaycana gələn mütəxəssilər də bunu təsdiqləyirlər. Bu son iki-üç  ildə ürək cərrahiyyəsi ilə bağlı xaricdən də çoxlu xəstələr Azərbaycana  gəlir. Həm də tibbi sığortanın nəticəsində xarici ölkələrə müalicəyə  gedən xəstə  həmvətənlərimizin sayı çox azalıb. Onlar tibbi sığırta ilə Azərbaycanda müalicə olunmağa daha böyük üstünlük verirlər. Bu, elə özü tibb sahəsində böyük inqilab deməkdir. Buna görə gərək hamımız ölkə başçımız cənab İlham Əliyevə minnəttdar olmalıyıq. Əvvəllər insanlarımız xəstəxanaya müalicə və müayinə üçün çox az gedirdilər. Amma indi tibbi sığortanın sayəsində hamı xəstəxanaya gedir və müayinə, müalicə olunurlar. Bu da tibb işçilərinin işini yüngülləşdirir. Belə ki, artıq hər bir xəstə bu müayinələri keçəndən sonra xəstəliyinin diaqnozunu bilir və həkim də bu diaqnozla onu asanlıqla müalicə edir.

-Ömrünün artıq iyirmi üç ilini  həkim kimi xalqımıza xidmət edən  bir mütəxəssis və yüksək səviyyəli vətənpərvər, ziyalı  insan olaraq, xalqımıza sonda nə  deyərdinuz?

-Mən tarixçi qızıyam. Burada bir sentimental fikir deyəcəm. Biz bir dəfə Astaraya getmişdik. Bir nəhəng palıd ağacı  Cənub Astarada bitmişdi, amma onun budaqları sərhəddin məftillərindən keçmişdi Şimali Astaraya, buzim Azərbaycana. Atam həmin ağaca baxıb dedi: “Cənubu Astara da Azərbaycan torpağıdır. Çox əfsus ki, bu ağac da iki yerə bölünüb. Millətimiz kimi”. Atamın dediyi bu sözlər əbədi yaddaşıma həkk olundu. Mən iliyimə qədər azərbaycanlı olmağımla qürur duyuram. Bunun da əsl səbəkarı tarixçi atamdır. O, mənim ilk həyat müəllimim olub. Atam Cənub bölgəsindən olsa da, anam Ağstafalı qızı olduğundan  o, saz musiqilərini anamdan daha çox sevirdi. Şah İsmayıl atamın aldığı nəfəs idi desəm daha doğru olar. Onun həyatını və şeirlərini mükəmməl bilirdi. Mən keçid dövrünü də görmüşəm. Orkyabrat nişanını zorla taxan şagirdlərdən olsam da, rusların Azərbaycanda törətdikləri faşist hərəkətlərinə görə pioner qalstukunu ürəklə cıran ilk şagirdlərdən də biri olmuşam. Azərbaycanı həmişə müstəqil görəmək istəyən bir kişinin qızı olduğuma görə, mən də məmləkətimizin azad, müstəqil olmasını istəmişəm. Birinci Qarabağ müharibəsində bir qədər başımız aşağı dikilmişdi və fikirləşirdim ki, mən Şah İsmayılın törəməsiyəm və niyə torpaqlarımız işğal olunub və biz onu niyə geri ala bilmirik. Axı Şah İsmayılın vaxtında Azərbaycan torpaqlarının ərazisi iki milyon səkkiz yüz min kvadrat kilometr olub. Hindistanın böyük bir hissəsi, Pakistan, Əfqanıstan, Orta Asiya, Türkiyənin Anadollu, İqdır bölgələri, Ərəbistanın çox yarısı Azərbaycanın torpaqları olub. Dünyanın yeddi möcüzəsindən biri olan Tacmalahlı azərbaycanlı Cahan  şah tikdirib. Hətta XVIII əsrə  kimi, yəni ingilislər ora gələnə kimi Hindistanın dövlət dili Azərbaycan türkcəsi olub. Deməli, biz fəxr etməliyik ki, belə qüdrətli dövlət olmuşuq Qızılbaşların- Səfəvilərin dövründə.

Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində torpaqlarımızi gavur erməni düşmənlərindən təmizləyəndən sonra indi qürur duyuram. Hər gün də kabinetimdə, başımın üstündə asılan ölkə başçımız cənab İlham Əliyevin portretinə böyük qürurla baxıram. O, bizi otuz illik xəcalətdən qurtarmaqla, Nadir Şahdan sonra iki yüz otuz ildən sonra cəsur əsgərlərimizin sayəsində böyük və tarixi qələbə qazandıq. Azərbaycanın son illərdə belə çiçəklənməsi sayəsində bir xalq olaraq biz cənab İlham Əliyevə borcluyuq. Bunu başa düşməyən, millətimizin düşmənidir. Hamımız imzasını qanı ilə yazan şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar bizim Qarabağ kimi yaralı yerimizin məlhəmi oldular.  Şəhidlərlə bağlı belə bir maraqlı deyim var: “Şəhid ölümlə yox, əbədiyaşarlıqla tanınır; o, torpağa deyil, millətin  qəlbinə tapşırılır”. Bəli. Bizim şəhidlər də hər bir azərbaycanlının qəlbində özlərinə əbədi və müqəddəs yuvar qurublar. Bizə müraciət edən şəhid ailələri, qazilərimiz həmişə bizim böyük həvəslə qulluq, xidmət etdiyimiz insanlardır. Onu da vurğulayım ki, mənim atamın ad günü 7 noyabr tarixidir. 8 noyabr tarixi, Qələbə-Zəfər günümüz isə həm atam və həm də bizim üçün ən böyük bayram oldu. Əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevin bu sözləri isə hər bir azərbaycanlının qürur verici müqəddəs kəlamıdır: “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam”. Bu söğzləri indi hər bir azərbaycanlı bütün dünyada şəstlə, qürurla deyə bilər. Və həmişə də başını qürurla tutub, gəzə bilər. Və bu sözləri də şəstlə deyə bilər: “Biz dünyanın ən qədim və qoçaq, igid  xalqlarındanıq”.

Ağalar İDRİSOĞLU, 
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi



Seçilən
17
herbiand.az

1Mənbələr