1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan dünya tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırıma məruz qaldı. Həmin tarixdə erməni təcavüzkarları Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərində soyqırımı törətdilər. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmaq məcburiyyətində qalmış; qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Rəsmi məlumata əsasən, Xocalı soyqırımı zamanı 613 nəfər (onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı şəxs olub) qətlə yetirilib, 1000-dən çox insan yaralanıb, yüzlərlə şəxs əsir və girov götürülüb. Ermənistan öz havadarlarının dəstəyi ilə törətdiyi bu vəhşilikləri gizlətməyə çalışsa da, Azərbaycan rəhbərliyinin bu soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırması nəticəsində mənfur erməni və ermənipərəst qüvvələrin siyasi oyunları iflasa uğradı.
İstər ölkə daxilində, istərsə də ölkə xaricində Xocalı soyqırımının tanınmasında Ulu Öndərin sistemli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Heydər Əliyevin təşəbbüsü ilə ölkənin ali orqanı olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1994-cü ilin fevralında Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ilin martın 1-də imzalanan fərmana əsasən fevralın 26-sı respublikada rəsmi olaraq Xocalı Soyqırımı Günü elan edilmiş, 1997-ci il 25 fevral tarixli sərəncama əsasən ölkə miqyasında hər il fevralın 26-sı saat 17:00-da soyqırımı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edilməsi qərara alınmışdır. 1998-ci il martın 26-da ölkə başçısı tərəfindən imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla Xocalı faciəsi bütövlükdə xalqımıza qarşı yönəlmiş soyqırımı siyasətinin tərkib hissəsi kimi sənədləşdirilmişdir. Eyni zamanda, Heydər Əliyev Xocalı soyqırımının beynəlxalq müstəvidə də tanıdılması üçün sistemli fəaliyyətin əsasını qoymuşdur. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı və beynəlxalq təşkilatlarla görüşlərində davamlı olaraq Xocalı həqiqətlərini gündəmə gətirmiş, erməni vəhşilikləri barədə dünya ictimaiyyətini məlumatlandırmışdır.
Sonralar Heydər Əliyev kursunun davamçısı olan Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı siyasəti uğurla davam etdirir. Belə ki, 2008-ci ildən təşkil olunan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir çox ölkənin parlamenti və beynəlxalq təşkilatlar Xocalı hadisələrini rəsmən soyqırımı və ya insanlıq əleyhinə cinayət kimi tanıyıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçərək tarixi ədalətin bərpasına nail olunmuşdur. 26 fevral 2024-cü ildə İlham Əliyev azad edilmiş Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyub. Artıq Xocalı sakinləri mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyev çıxışlarında xüsusilə vurğulamışdır: “Xocalı azad olunmadan Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş sayıla bilməzdi”.
Bir sözlə, XX əsrin sonunda baş verən Xocalı soyqırımı öz amansızlığına və qəddarlığına görə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən ağır cinayət idi. Xocalı soyqırımı qurbanlarını rəhmətlə yad edirik. Unutmadıq və heç bir zaman unutmarıq!
Ruhiyyə Mehdiyeva,
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru