AZ

ABŞ-dən SENSASİYA: Azərbaycan İranda “bufer zona” yarada bilər?

Aparıcı media resurslarından olan “Front Page” nəşri İranla bağlı maraqlı məqalə dərc edib. Məqalədə ABŞ-ın İrana hücumu zamanı yaranacaq problemlərdən bəhs edilir.

Qeyd edilir ki, bu müharibənin ən riskli tərəfi qaçqın ordusunun yarana biləcəyidir. Nəşr, həmçinin, bunun baş verməsi fonunda Azərbaycan və Türkiyənin ciddi problemlərlə üzləşəcəyini də iddia edib.

“Front Page” məqaləsində vurğulayıb ki, ABŞ və Qərb İran sərhədi boyunca humanitar bufer zona yaradaraq milyonlarla qaçqını təhlükəsiz şəkildə qəbul edə və idarə edə bilər: “Bu zonanın Azərbaycan sərhədindən Həmədana, Tehranın qərbindən Türkiyə sərhədinə qədər uzanması təklif edilir” (Tribuna.az.).

Habelə o da vurğulanır ki, Azərbaycan və Türkiyə qaçqın ordusunu qarşılamalı, həmin bufer zonada saxlamalı və onların humanitar problemlərini həll etməlidir…

azer

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a deyib ki, ümumiyyətlə, Azərbaycan Respublikası sərhədləri yaxınlığında hər hansı hərbi münaqişənin başlanması milli maraqlarımıza, təhlükəsizliyimizə və ölkənin davamlı inkişaf strategiyasına uyğun deyil:

“Bu mövzu dəfələrlə Azərbaycan Respublikasının xarici siyasət orqanlarının rəhbərləri və yüksək siyasi iradə tərəfindən açıq şəkildə dilə gətirilib. Azərbaycan cənub qonşusu ilə tarixi, iqtisadi və sosial əlaqələrə malikdir və bu əlaqələr, xüsusilə İran ilə olan əməkdaşlıq, ölkəmizin regional stabilliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, münasibətlərdə problemlər də olub. Ancaq Azərbaycan qəti şəkildə bu problemlərin üçüncü dövlətlər tərəfindən istismar edilə bilməyəcəyini bəyan edib. Son dövrlərdə Azərbaycan-İran əməkdaşlıq qrupunun tədbirləri çərçivəsində yüksək səviyyəli görüşlər və rəsmi səfərlər həyata keçirilib. Məsələn, iranlı nazirlərin Azərbaycana səfərləri bu əlaqələrin daha da inkişaf etdiyini göstərib. Bu kontekstdə aydın görünür ki, Azərbaycan hər hansı bir regional hərbi qarşıdurmaya cəlb olunmaqla ciddi risklər üzərinə götürə bilməz”.

Siyasi şərhçiyə görə, bölgədə hər hansı hərbi qarşıdurma qaçqın axını kimi ciddi humanitar problemlərin yaranmasına gətirə bilər:

“Azərbaycanın sosial infrastrukturu, iqtisadi resursları və inzibati imkanları belə kütləvi miqrasiya prosesindən mənfi baxımından təsirlənə bilər. Dünyanın heç bir dövləti kütləvi insan qaçqınlığı ilə təkbaşına mübarizə apara bilməz, xüsusilə də bu, gözlənilməz və qısa müddətdə baş verirsə. Belə bir vəziyyət Azərbaycan üçün həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi çətinliklərin yaranmasına səbəb ola bilər.

Qaçqınların yerləşdirilməsi, onların sosial təminatı, təhsil və səhiyyə ehtiyaclarının ödənməsi, həmçinin inzibati və hüquqi məsələlərin həlli böyük resurs və strateji planlaşdırma tələb edir. Bu isə yalnız dövlət büdcəsi və infrastrukturla deyil, həm də uzunmüddətli humanitar siyasət və beynəlxalq əməkdaşlıqla mümkündür.

Bəzi xarici və regional media orqanlarında səsləndirilən iddialar, məsələn, Azərbaycanın “bufer zona” funksiyasını yerinə yetirməsi və qaçqın kütlələrini idarə etməli olması ilə bağlı fikirlər hər nə qədər analitik ehtimal yükü daşısa da, həm də təbliğatdır. Belə iddialar çox vaxt medianın sensasiya yaratmaq və diqqət cəlb etmək məqsədilə istifadə etdiyi dil vasitəsidir. Azərbaycan Respublikası regionda münaqişələrin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində öz vasitəçilik və diplomatik xidmətlərini aktiv şəkildə təqdim edir. Azərbaycan, xüsusilə, Türkiyə ilə birlikdə İranın da cəlb edilməsi formasında, sülhün qorunması və qarşılıqlı anlaşmanın təmin edilməsi üçün bir sıra diplomatik təşəbbüslər irəli sürüb.

Bu təşəbbüslər həm də milli maraqların qorunması, regional sabitliyin təmin edilməsi və iqtisadi-ticarət əlaqələrinin dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycana qarşı irəli sürülən “bufer zona” rolunun icrası ilə bağlı iddialar həm siyasi, həm də humanitar baxımdan təhlükəli təqdimatdır. Azərbaycan yalnız milli maraqlarını və təhlükəsizliyini təmin etmək üçün öz sərhədləri yaxınlığında ehtiyat tədbirləri görməli, regionda potensial riskləri əvvəlcədən dəyərləndirməli və fövqəladə hallara hazır olmalıdır.

Eyni zamanda, medianın və bəzi analitik dairələrin təqdim etdiyi məlumatların dəqiqləşdirilməsi və faktların yoxlanılması vacibdir. Çünki bir çox hallarda KİV-lər regiondakı gərginliyi şişirdir, təbliğat xarakterli informasiya yayır və belə vəziyyətlərdə dövlətin planlaşdırılmış siyasətinə qarışıqlıq yaratmaq niyyəti güdə bilər. Azərbaycan üçün önəmli olan faktiki vəziyyəti düzgün qiymətləndirmək, regionda baş verə biləcək riskləri təhlil etmək və buna uyğun siyasət yürütməkdir. Dünya siyasətində vəziyyət sürətlə dəyişə bildiyi üçün, hər hansı bir gözlənilməz hadisəyə qarşı çevik və operativ reaksiya mexanizmlərinin olması strateji əhəmiyyət daşıyır”.

Seçilən
0
2
editor.az

3Mənbələr