AZ

İranın cavabı, Amerikanın  tələbi: Müharibə ehtimalı qaçılmazdır?

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trumpın İranın niyə hələ də təslim olmadığını sorğulayan açıqlamasına cavab verib.

Araqçi bildirib ki, onlar iranlıdırlar və heç vaxt təslim olmayacaqlar:

"Niyə təslim olmadığımızı soruşursunuz? Çünki biz iranlıyıq”.

Orta Şərqdə gərginlik gündən-günə yüksəlir, müharibə ehtimalı daha aydın hiss olunur. ABŞ-nin İrana qarşı hərbi müdaxilə etməsi üçün demək olar ki, bütün şərtlərin formalaşdığı bildirilir. Tərəflərdən qarşılıqlı bəyanatlar ard-arda gəlir.

Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Araqçinin açıqlaması mənasız sözlərdir.  Onun sözlərinə görə, belə qeyri-ciddi yanaşmalar, vəziyyətin kritikliyini ortadan qaldırır:

"Donald Tramp da deyəcək ki, "biz  amerikalıyıq". İsrail də deyəcək ki, onlar yəhudidir və s. Ortalıqda arqument qalmadığına görə, İran rəsmiləri bədii məna kəsb edən bu cür açıqlamalar verirlər. Hər halda yüksək səviyyəli diplomat təbliğatçı kimi çıxış etməməlidir”.

Müsahibimiz vurğulayıb ki, İranın dünyaya meydan oxuyacaq gücü yoxdur. ABŞ konkret olaraq İranın xarici işlər naziri ilə aparılan danışıqlarda tələb edir ki, Tehran konkret təkliflərini masaya gətirsin".


Rasim Musabəyov: İran ya ABŞ-nin tələblərini qəbul etməli, ya da ağır zərbələrə hazır olmalıdır

Deputatın dediyinə görə, İran iddia edir ki, onlar uranın zənginləşdirilməsini elmi sınaqlara sərf edəcəklər:

"İranda 400 kq. təxminən 60 faiz zənginləşdirilmiş uran var. İran bunu təhvil vermək əvəzinə boş-boş bəyanatlar səsləndirir və əsas tələbdən boyun qaçırır. Belə davranış sərgiləməklə ABŞ-nin önünü kəsmək qeyri-mümkündür. Mən İranla bağlı məsələnin hərbi toqquşma halına gəlməsini istəmirəm. Amma mövcud reallıqlar göstərir ki, hərbi əməliyyatların başlanması ehtimalı günbəgün artır.

Reallıq odur ki, ABŞ bölgəyə hərbi qüvvələr göndərib. Rusiyanın isə orada sadəcə iki gəmisi var. İnanmıram ki, Rusiya bu məsələdə ABŞ ilə toqquşmaya getsin”.

Rasim Musabəyov qeyd edib ki, qara buludlar İranın başı üzərində toplanıb və quru bəyanatlarla, boş sözlərlə həmin buludları dağıtmaq imkansızdır:

“Ya İran ABŞ-nin tələblərini qəbul etməli, ya da ağır zərbələrə hazır olmalıdır".

Aydın Baxış

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr