AZ

Qərbi Azərbaycan abidələrinin “Rəqəmsal irs” platforması yaradılacaq

Bakı Slavyan Universiteti (BSU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə XQ-yə BSU-dan məlumat verilib.

Bildirilib ki, bu münasibətlə keçirilən görüşdə tərəflər birgə icrası mümkün olan layihələri müzakirə ediblər. Əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycan abidələrinin “Rəqəmsal irs” platformasının yaradılması əsas hədəf kimi müəyyənləşdirilib.

ADNSU-nun rektoru Rüfət Əzizov ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri, tədris prosesinin mövcud vəziyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. O, universitetin əsas məqsədinin tədqiqat universitetinə çevrilmək olduğunu diqqətə çatdırıb.

BSU-nun rektoru Anar Nağıyev isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf istiqamətləri barədə danışıb. Bildirilib ki, dilçilik sahəsində tədqiqatların genişləndirilməsi və dillərin öyrənilməsi istiqamətində mərkəzə çevrilmək universitetin prioritet strateji məqsədlərindəndir. Eyni zamanda, BSU-da psixologiya və tədrisdə sosial-psixoloji xidmət ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyi, həmin ixtisaslar üzrə SABAH qruplarında da tədrisin təşkil olunduğu vurğulanıb.

Daha sonra ADNSU-nun Startap və texnologiyaların transferi ofisinin müdiri Əhməd Əhmədzadə innovasiya mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış edib, innovasiya ekosisteminin inkişafı və bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Görüş çərçivəsində BSU nümayəndə heyəti ADNSU-nun Tarix və Mineralogiya muzeylərini, eləcə də Kitabxana İnformasiya Mərkəzini ziyarət edərək universitetin tədqiqat infrastrukturu və innovasiya imkanları ilə tanış olub.

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr