AZ

Başqasına heyran, özünə istehzalı... Kollektiv natamamlıq sindromunun görünməyən üzü

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Son illərdə cəmiyyətimizdə diqqət çəkən bir ziddiyyət var. Xarici ölkələrdə baş verən hadisələr, keçirilən dini və mədəni ayinlər bizə maraqlı, ekzotik və normal görünür, amma eyni məzmunlu mərasimlər öz ölkəmizdə baş verəndə çox vaxt istehza ilə qarşılanır. Məsələn; Çin kimi uzaq bir ölkədə keçirilən qədim dini və ya ənənəvi mərasimlər sosial mediada “mədəni zənginlik”, “tarixi irs” kimi təqdim olunur. Lakin öz dini ayinlərimiz bəzən gerilik, fanatizm və ya köhnəlmişlik kimi qiymətləndirilir. Bu yanaşma təkcə din sahəsində deyil. Dilimizə, musiqimizə, toy adətlərimizə, milli geyimə, hətta gündəlik davranış normalarımıza münasibətdə də özünü göstərir.

Bu tendensiyanın arxasında dərin psixoloji və sosial səbəblər dayanır. Uzun müddət xarici təsirlərə məruz qalan cəmiyyətlərdə zamanla “kənar” olanı üstün, “yerli” olanı isə ikinci dərəcəli hesab etmək meyli yarana bilər. Bu, müəyyən mənada kollektiv natamamlıq hissi ilə əlaqəlidir. İnsan və ya toplum özünü başqası ilə müqayisədə aşağı gördükdə, başqasının həyat tərzini idealizə etməyə başlayır. Nəticədə xarici model inkişafın yeganə ölçüsünə çevrilir, yerli dəyərlər isə köhnəliyin simvolu kimi təqdim olunur.

Qloballaşma və media da bu düşüncəni gücləndirir. Xarici ölkələr estetik görüntülərlə, sistemli təqdimatlarla, güclü vizual dillə nümayiş etdirilir. Biz isə özümüzə daha çox tənqidi prizmadan baxırıq. Başqasının mərasimi sənədli film mövzusudur, bizimki isə sosial şəbəkədə lağ obyektinə çevrilir. Halbuki inkişaf etmiş ölkələrdə modernlik ilə ənənə arasında ziddiyyət yoxdur. Ənənə qorunur, lakin müasir kontekstdə təqdim olunur. Problem ənənənin özündə deyil, ona münasibətdədir.

Burada vacib bir məqam var. Sağlam özünütənqid ilə özünüinkar eyni şey deyil. Cəmiyyət problemlərini analiz etməli, səhvlərini etiraf etməlidir. Lakin bu, öz kimliyini aşağılaması demək deyil. Bizdə bəzən tənqid konstruktiv xarakter daşımır, daha çox istehza və məsxərə formasına düşür. Bu isə zamanla kollektiv özünə inamsızlıq yaradır.

Əgər bir toplum davamlı şəkildə özünü kiçildirsə, nəticədə milli kimlik zəifləyir, gənc nəsil öz köklərinə məsafəli yanaşır, imitasiya mədəniyyəti formalaşır. Halbuki başqasına hörmət etmək üçün özünü inkar etməyə ehtiyac yoxdur. Əksinə, sağlam və güclü kimlik başqa mədəniyyətlərə açıq olmağı daha asan edir.

Maraqlıdır ki, biz doğrudan da geri qalırıq, yoxsa özümüzü geri qalmış kimi görməyə alışdırılmışıq? Bəlkə də problem dəyərlərimizin mövcudluğunda deyil, onlara baxış bucağımızdadır. Əgər öz mədəniyyətimizi komplekslə deyil, şüurlu və tənqidi, amma hörmətli yanaşma ilə qiymətləndirsək, nə başqasını bütləşdirər, nə də özümüzü kiçildərik. İnkişaf başqasına bənzəməkdə deyil, özünü tanıyıb gücləndirməkdədir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
bizimyol.info

1Mənbələr