Milli Məclisin deputatı Razi Nurullayevin parlamentin plenar iclasında səsləndirdiyi "Qarabağda evlərin tikintisi məcburi köçkünlərin özünə verilsin" təklifi müzakirələrə səbəb olub. Razi Nurullayevi tənqid edənlərin bir qismi bildirir ki, evlərin köhnə layihə ilə bərpası üçün dövlət büdcə ayırmalıdır, bu isə hazırki şəhərsalma qaydalarına uyğun olmaya bilər.
Bu barədə Pravda.az-a fikirlərini bölüşən 118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov isə deyib ki, heç kim buna görə Razi Nurullayevi tənqid etməməlidir.
E.Məmmədov hazırda Xocalıda evində görülən işləri izlədiyini bildirib: “İki gündür, gəlmişəm, iş gedir. Evi mənə təhvil vermək üçün işləyirlər. Tək mənim evim deyil, ətrafda bir neçə evdə iş gedir. Hazırda ərazidə yüzdən çox müxtəlif təşkilatın işçiləri var. Xocalıya hər gün köç gəlir... Dövlətimiz vətəndaşına hər cür qayğını göstərir, vətəndaşlarının rahat yaşamaları üçün tədbirlər görür. Çox fikirlər var, Razi Nurullayev də, digər vətəndaşlarımız da bu istiqamətdə təkliflər səsləndirirlər. Hərə öz fikrində müstəqildir. Razi Nurullayevin millət vəkili olaraq öz bildiyi kimi fikir söyləmək səlahiyyəti var. Heç kim deyə bilməz ki, niyə belə deyir. Amma ən yaxşısını, ən düzgün yolu cənab Prezidentimiz bilir. Cənab İlham Əliyevin rəhbərliyi altında bütün işlər ən yüksək səviyyədə həyata keçirilir. Bu məsələlər hamısı birbaşa dövlət başçımızın nəzarətindədir, onun rəhbərliyi ilə həyata keçirilir, belə məqsədəuyğundur”.
Aytəkin Qardaşova