AZ

Eks-şahzadə Endryuya at çapmaq qadağan edilib

Eks-şahzadə Endryuya at çapmaq qadağan edilib

Kral III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor ötən həftə amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı iş çərçivəsində saxlanılıb dindirildikdən sonra sonuncu hobbilərindən birini də itirib: ona at çapmaq qadağan olunub.

AFN.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" qəzeti yayıb. Qəzetin məlumatına görə, kral ailəsinin məsləhətçiləri tərəfindən verilən bu "israrlı tövsiyə" mənfi imicin qarşısını almaq məqsədi daşıyır. Hazırda Mauntbetten-Vindzorun yaşadığı Sandringem malikanəsi fotojurnalistlər tərəfindən mühasirəyə alınıb.

Mənbə bildirir ki, onun at belində gülümsəyən və şən görüntülənməsi mövcud şəraitdə "kənardan pis görünür". Daha əvvəl könüllü olaraq silah lisenziyasından imtina edən 66 yaşlı eks-şahzadə, fevral ayında köçdüyü "Wood Farm" kottecinə faktiki olaraq qapadılıb. Məlumata görə, o, günlərini mərhum kraliça II Elizabetdən qalan korqi və norfolk-teryerləri ilə keçirir.

Xatırladaq ki, Endryu Mauntbetten-Vindzor fevralın 19-da, öz ad günündə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmışdı. Polis onun xüsusi ticarət nümayəndəsi olduğu dövrdə pedofiliyada ittiham olunan Ceffri Epşteynə məxfi sənədlər ötürməsi ehtimalını araşdırır. Fevralın 24-də polisin onun Vindzordakı köhnə evində apardığı axtarışlar başa çatıb. Eks-şahzadə hələlik ittiham irəli sürülmədən sərbəst buraxılsa da, istintaq davam edir.

Qeyd edək ki, Epşteyn qalmaqalı səbəbindən o, 2019-cu ildə hərbi rütbələrindən, 2025-ci ildə isə doğulduğu gündən daşıdığı "şahzadə" titulundan məhrum edilmişdi.

Seçilən
32
afn.az

1Mənbələr